Rəşad Həsənovun veb səhifəsi

İki böhranın fəsadları

Son on ildə qabaqcıl qərb ölkələrində populist siyasətçilər kifayət qədər seçici rəğbəti qazanmağa başladı. Bu baxımdan 2016-cı il xüsusilə fərqlənir. Britaniyadakı referendumun və ABŞ prezident seçkisinin nəticələri qərb ölkələrində populizm hərəkatının vüsət almasının bariz nümunəsidir. Bundan əlavə, Fransada, Hollandiyada, Avstriya və digər inkişaf etmiş ölkələrdə millətçi partiyaların tərəfdarları sürətlə artmağa başladı.

Fikrimcə, bu heç də yaxşı tendensiya deyil. Ən azından tarix onu göstərir ki, ultrasağ partiyaların populyarlıq qazanması illər sonra ağır nəticələr verə bilər. Bu baxımdan, son on ildəki hadisələrin gedişatı ötən əsrin iyirmi və otuzuncu illərindəki gedişata bənzəyir.

 

2007-2017

Son illərdə millətçi siyasətçilərin uğur qazanmasının kökündə duran ən əsas amil iqtisadi faktorlardır. 2007-09-cu illərin qlobal maliyyə böhranından sonra dünyanın bir çox ölkələrinin iqtisadiyyatı hələ də özünə gələ bilməyib. Bir çox inkişaf etmiş ölkələrdə adam başına düşən real milli gəlir hələ də böhrandan əvvəlki il ilə müqayisədə daha azdır.

Belə olan təqdirdə, əhalinin ənənəvi siyasi partiyalara (mainstream) inamı azalmağa başladı. Bu isə, öz növbəsində, alternativ partiyaların, o cümlədən, radikal sağyönümlü partiyaların populyarlaşmasına gətirib çıxardı.

Belə bir xəyali misalı təsəvvür edin. Bir amerikalı fermer böhrandan əvvəl çox yaxşı yaşayır. Böhran zamanı əlində olan var dövlətini itirir, biznesi süquta uğrayır. Bir neçə ilə ərzində hökumət ona (və onun kimi milyonlarla insana) kömək edə bilmir. Bu anda Donald Trump kimi siyasətçi peyda olur və həmin təbəqəyə “indiki hakimiyyət sizin iqtisadi maraqlarınızı qoruya bilmir”, “immiqrantlar sizin işinizi əlinizdn alır”, “müsəlmanlar ölkəmizi partladır” kimi fikirlər yeritməyə başlayır. Təbii ki, maddi cəhətdən hər şeyini itirmiş adam bu çıxışlardan təsirlənir.

Digər tərəfdən, böhrandan ən çox ziyan çəkən insanlar məhz daha az savadı olan insanlardır. Ona görə də, onlara bu təzadlı fikirlər daha tez təsir edir (Bundan əvvəlki yazıda göstərdiyim kimi, Donald Trampın qələbəsində həlledici rolu məhz kasıb və az savadlı təbəqə oynamışdı). Və həmin təbəqənin ənənəvi siyasi partiyalardan, Wall street-in “tamahkar” bankirlərindən qisas almaq üçün yeganə yolu qalır- seçimlərdə  ənənəvi seçimin (establishment) əleyhinə səs vermək. Harvard universitetinin professoru Dani Rodrick seçicilərin bu addımını “acıq siyasəti” (The Politics of Anger) adlandırır.

Beləliklə, son on ildə baş verənləri qısa şəkildə belə xarakterizə etmək olar: bir neçə il iqtisadi artımdan sonra, dünya tarixinin ikinci ən böyük iqtisadi böhranı baş verir, insanlar əziyyət çəkir, bundan istifadə edən populist liderlər öz fikirlərini əhaliyə yeridir və əhali bu liderlərə etimad göstərir.

Bu ardıcıllığı nəzərdə saxlamaqla, 1929-1939-cu illərə qayıdaq.

 

1929-1939

1929-33-cü illərdə bəşər tarixinin ən böyük iqtisadi böhranı- Böyük Depressiya baş verdi. Dünyanın müxtəlif yerlərində yüz milyonlarla insan bu hadisə nəticəsində işsiz qaldı və ya gəlirləri kifayət qədər azaldı.

Hadisələrin məntiqi davamı kimi, bəzi qərb ölkələrində millətçi siyasi liderlər formalaşmağa və sürətlə populyarlıq qazanmağa başladılar. Bu baxımdan Adolf Hitler və Benito Mussolininin adını çəkmək kifayətdir. Məhz qlobal iqtisadi böhran nəticəsində insanların mövcud siyasi və iqtisadi sistemə inamı azaldı və məhz bu səbəblərdən proteksionist, populist liderlər uğur qazanmağa başladılar.

Hətta ABŞ-da 1930-cu ildə Smoot-Hawley tarif aktının qüvvəyə minməsindən sonra, 20 min adda məhsulun idxalına tarif təyin edildi. Bir sözlə, bir çox ölkələr liberal iqtisadi ənənələrdən uzaqlaşmağa, “izolyasiya” siyasətini həyata keçirməyə başladı. Hadisələrin sonrakı gedişi göstərdi ki, yuxarıda adı çəkilən siyasi liderlər hakimiyyətə gəldi. Sonrası isə hamıya məlumdur…

 

“Populizm virusu”

Həm otuzuncu illərdə, həm də son on ildə baş verən hadisələr bir şeyi göstərir: insanlar iqtisadi cəhətdən sarsılanda ənənəvi siyasi partiyalara nifrət, acıq yaranır. Bunun nəticəsində radikal sağyönümlü, populist partiyaların uğur qazanması real olur.

Yazının girişində Trampı misal göstərdim. Fikrimcə, ABŞ kimi ölkənin dünyaya belə “örnək verməsi” heç yaxşı olmadı. Bunun ən mənfi cəhəti odur ki, dünyanın digər ölkələrində olan populist siyasətçilər bu nəticədən ilhamlanıb daha əzmlə çalışacaqlar. Bu baxımdan Avropanın digər ölkələrində, o cümlədən, Fransada, Avstriyada, İtaliyada millətçi partiyaların hakimiyyətə gəlmək üçün real potensialı var.

Təsəvvür edin, hətta Avstraliya kimi tolerant, immiqrantlar üzərində qurulmuş ölkədə belə, Tramp seçiləndən bəri həm iqtidar, həm də müxalifət partiyaları “Avstraliya işləri avstraliyalılar üçün olmalıdır” tipli fikirlər səsləndirməyə başladılar.

“Populizm virusunun” sürətlə yayılması bir çox ciddi nəticələrə gətirib çıxara bilər.

 

Tarix özünü təkrarlayırmı?

Otuzuncu illərin analogiyasına nəzər salsaq hadisələrin dünya müharibəsi ilə yekunlaşdığını gördük. Son on ildə baş verən hadisələri otuzuncu illərə oxşatmaqla məhz müharibə olacağını proqnozlaşdırmıram. Ancaq bunun üçün münbit şərait yaranmağa başlandığını dəqiq demək olar.

Əgər Obama kürsüdə olarkən Rusiya Gürcüstana, Ukraynaya və Yaxın Şərqə müdaxilə edirdisə, Tramp hakimiyyəti zamanı Rusiyanın həm Yaxın Şərqdə, həm də digər regionlarda “at oynatmasını” gözləmək olar. Trampın seçkidən əvvəl NATO ilə əməkdaşlığa yenidən baxacağını deməsi potensial müharibə üçün daha münbit şərait yaradacaq (təbii, Tramp dedikləri eləsə).

Tərəflərdən hər hansı birinin səhv addımı ciddi fəsadlara yol aça bilər.

Ümid edirəm, yanılıram.

 

Leave a comment

Information

This entry was posted on December 4, 2016 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com