Rəşad Həsənovun veb səhifəsi

Koronavirus, neftin ucuzlaşması və… devalvasiya panikası

Bu günə qədər, xoşbəxtlikdən rəsmi ölüm faktı akarlanmasa da, ölkəmizdə koronavirusla bağlı həm əhali arasında, həm də rəsmi qurumlar daxilində ciddi narahatlıq var. Təbii ki, bu virus ilk növbədə sağlamlıq, həyat və ölüm məsələsidir. Ancaq heç kimə sirr deyil ki, belə kütləvi virusların külli miqdarda iqtisadi fəsadları da olur. Çox təəssüf ki, yüksək tezlikli rəqəmlərin olmaması ucbatından bu virusun ölkəmizə hansı iqtisadi ziyan vura biləcəyini hesablamaq, iqtisadi model qurmaq müşkül məsələdir. Ona görə də, qısa şəkildə bir neçə təsir mexanizmini vurğulayacağam.
Əvvəla, Ümumi Daxili Məhsulun (ÜDM) demək olar ki, bütün komponentləri bu virusdan zərər çəkəcək. Burada söhbət həm birbaşa, həm də dolayı təsirdən gedir. İstehlak xərclərinin (fiziki şəxslərin alış-verişləri – bazardan aldığımız məhsullar, nəqliyyat da daxil olmaqla xidmət sahələrinə olan xərclər və s.) və investisiya qoyuluşunun zəifləməyi birmənalıdır. Adətən, böhran zamanı istehlakçılar qeyri-zəruri istehlak xərclərini (məsələn, yeni mobil telefon alışını), şirkətlər isə biznesə yönələn kapital xərclərini azaldırlar. Düzdür, hazırda “krizisdəyik” demək düzgün çıxmaz. Ancaq hazırki durum krizis zamanı baş verən iqtisadi qeyri-müəyyənliklə çox oxşardır. Heç kim dəqiq nə baş verdiyini və nə baş verəcəyini tam anlamır. Ona görə də, lazımsız xərcləri kəsir və ya ertələyir. Təhsil müəssisələrinin bağlanması, kütləvi tədbirlərin ləğv edilməsi və digər preventiv tədbirlər nəqliyyat, restoran və sair ictimai iaşə obyektlərinə xərcləniləcək vəsaitlərin xeyli azalmasına gətirib çıxarır. Bütün bunlar isə, ən yaxşı halda ÜDM-in artım tempinin azalmasına, pis halda isə, geriləməsinə səbəb olur.
Digər tərəfdən, ÜDM-in başqa bir elementi- ticarət balansı da kifayət qədər zərər görəcək. Bu baxımdan, iki faktoru vurğulamaq istəyirəm. Birincisi, turizm sektoruna olan təsir. Məlumdur ki, sonuncu devalvasiyadan bu yana, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən az-çox turizm sektoru bəhrələnib. 2014-cü il illə müqayisədə, turizm sektorunun ÜDM-ə qatqısı ikiqat artıb. Onminlərlə formal və ya qeyri-formal iş yerləri yaradılıb. Bu isə, sektorun ölkə iqtisadiyyatına həm birbaşa, həm də dolayı yolla müsbət təsirinə səbəb olub. Ancaq koronavirus panikasından sonra bir çox dövlət öz vətəndaşlarına ölkədən çıxmamaq və bəlli ölkələrə səyahət etməmək çağırışı edib. Ona görə də təbii ki, ölkəmizə turist axını azalmağa başlayıb. Bu tendensiyanın ən azı yaxın bir neçə həftədə də davam edəcəyini gözləmək olar.
Ticarət balansı ilə bağlı ikinci vacib məqam neft və neft məhsulları ixracı ilə bağlıdır. Dünya bazarlarında neftin qiymətninin kəskin ucuzlaşması məsələnin bir tərəfidir. Bəli, bu kəskin ucuzlaşmanın arxasında geosiyasi oyunlar durur, bu aydındır. Ancaq daha fundamental məsələ – qlobal iqtisadi durğunluq dövründə neftə olan tələbatın azalması bizim iqtisadiyyatımıza ortamüddətli dövrdə risk olaraq qalacaq. Yəni hətta Rusiya və Səüdiyyə Ərəbistanı dil tapıb, neftin qiymətini yuxarı qaldırsalar belə, fundametal faktorlar neft qiymətinin bizim büdcədə nəzərdə tutulandan aşağıda olacağını deməyə əsas verir. 2020-ci ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində hesablanıb. Yəni neftin bu qiymətdən aşağı satışı büdcə kəsiri yaradacaq, ticarət balansını pisləşdirəcək və nəcticədə ÜDM artımına mənfi təsir edəcək. Düzdür, neft qiyməti barədə spekulyasiya etmək çətindir, ancaq indiki anda “dünyanın mühərriki” Çin, Azərbaycanın əsas iqtisadi tərəfdaşı İtaliya başda olmaqla, planetin demək olar ki, bütün ölkələri bu bəla ilə mübarizə aparır. Hava yolları, turizm şirkətləri minlərlə reysi ləğv edir. Bütün bunlar neftə olan qlobal tələbin virusla mübarizə tam bitməyənə qədər yüksəlməyəcəyini deməyə əsas verir. Ona görə də, il ərzində neftin qiymətinin 55 dollardan aşağı qalması real görünür.
Bu məsələnin bir tərəfidir. Neft qiymətinin aşağı olması ikinci, daha qorxulu tərəfi var- əhalidə yenidən devalvasiya panikası yaranır. 2015-ci ilədək əhalinin bir çox qismi neftlə manat məzənnəsi arasında əlaqəni bilmirdi və ya bu barədə düşünmürdü. Acı xatirələr nəticəsində insanlar neftin qiymətinə çox həssas olmağa başladı. Və budur: qeyri-iş günündən sonra banklar açılan kimi, yenə əhalinin banklara axını başladı. Bir çox filiallarda dollar bir saat ərzində bitdi.
Bu mövzuda kiçik bir haşiyə çıxım.
Fikrimcə, indiki mərhələdə devalvasiya belə tezliklə baş verməyəcək. Ən azından belə tezliklə baş verməməlidir. Neft çox volatil maldır. Hər hansı bir geosiyasi hadisə onun qiymətinə çox təsir edə bilər. Məsələn, 2019-cu ilin sentyabrında Səüdiyyə Ərəbistanında neft quyularına edilən hücümdan sonra Brent markalı neftin qiyməti bir neçə dəqiqə ərzində 15 dollar qalxmışdı. Yəni neftin qiymətinin bizim üçün nə qədər önəmli olmasına baxmayaraq, hər qısamüddətli şokdan sonra devalvasiya etmək çox yanlış addım olardı. Bu, gələcəkdə də (üzən məzənnəyə keçid olana qədər) istənilən dəyişikliyin əhali və digər bazar iştirakçıları arasında panika yaratmasına gətirib çıxara bilər. Sözümün canı odur ki, valyuta rezervlərinin itkisi hesabına belə, ən azı bir müddət dözmək, devalvasiyaya yol verməmək lazımdır.
Başqa vacib bir məqam hökumətin, xüsusilə də, Mərkəzi Bank rəhbərliyinin bu barədə xalqa açıqlama verməsi ilə bağlıdır. Mərkəzi Bankların ən mühüm xüsusiyyətlərindən biri onların azad olması və şəffaflığıdır. Azad ola bilməsə belə, şaffaflığı qorumaq, xalqa açıq və səmimi məlumat vermək çox önəmlidir. Təəssüf ki, 2015-ci ildə zəif kommunikasiya nəticəsində Mərkəzi Banka olan etibar itdi. Ancaq ən azından indiki vəziyyəti xalqa olduğu kimi çatdırqmaq, panikanın qarşısını almaq yaxşı olardı. Əgər həqiqətən də dövlət məzənnəni yaxın müddət ərzində qorumağı planlayırsa (!), bu qərar Mərkəzi Bank tərəfindən deyil, dövlət başçısı tərəfindən xalqa çatdırılsa panikanın yatırılması baxımından daha effektiv olar.
Qayıdaq koranavirusa. ÜDM-in sonuncu komponenti, dövlət xərcləri, iqtisadi artımın bərpa olunması və ümumilikdə virusla mübarizə üçün çox böyük əhəmiyyət kəsb edir. Aydın məsələdir ki, iqtisadi durğunluq dövründə dövlətin gəlirləri (xüsusilə də, neft və vergi) azalacaq, xərcləri isə artacaq. Burada söhbət indiyə qədər olan və gələcəkdə olacaq potensial səhiyyə xərclərindən, dezinfeksiya işlərinə qoyulmuş puldan, itirilmiş məhsuldarlıqdan gedir. Lakin bütün bunlara baxmayaraq, dövlət bu virusla mübarizə üçün bütün vasitələrdən, o cümlədən aktiv fiskal siyasətdən istifadə etməyə davam etməlidir. Bu baxımdan, səhiyyəyə ayrılan vəsaitlərin artırılması, zərər görmüş biznes sahələrinə vergi güzəştlərinin edilməsi, ehtiyac olduğu təqdirdə şirkətlərə subsidiyaların veriməsi ən vacib addımlar siyahısındadır. Belə olduğu təqdirdə, həm insan həyatının xilası üçün mühüm addımlar atılmış olar, həm də koronovirusla iqtisadi mübarizə daha səmərəli təşkil edilə bilər.

Leave a comment

Information

This entry was posted on March 11, 2020 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com