Rəşad Həsənovun veb səhifəsi

Niyə məhz bu ölkələr?

Bildiyiniz kimi, hazırda hamının diqqət mərkəzi bir mövzu ətrafındadır. Söhbət, əlbəttə ki,  koronavirusdan gedir. Dünyanı cənginə alan bu virus həndəsi silsilə ilə artmaqda davam edir. Bəs nəyə görə bəzi ölkələr bundan daha çox ziyan görür. Bu yazıda bəzi göstəriciləri nəzərdən keçirməklə bir neçə məqama aydınlıq gətirmək istəyirəm.

Əvvəla, gəlin çinli turistlərin ən çox səfər etdiyi ölkələrə nəzər salaq.

Bildiyiniz kimi, yoluxma sayına görə “rəqabət” hazırda aktiv olaraq 4 ölkə arasında gedir. ABŞ, İtaliya, İspaniya və Almaniya. Dünya Turizm Təşkilatının ən son rəqəmlərinə əsasən, İtaliya çinli turistlərin sayına görə dünya üzrə altıncı yerdə, Avropa Birliyində olan ölkələr arasında isə birinci yerdədir. Bu baxımdan, İtaliya Çinli turistlər üzrə rəqabətdə yalnız Cənub-Şərqi Asiyaya uduzur. Bu isə, ölkələrin Çinə qonşuluq əlaqələri ilə izah oluna bilər. Ümumiyyətlə, çinli turistlərin sayına görə Avropada ilk 5 yerdə olan ölkə koronavirus yoluxmasına görə ilk altılıqdadır.

Nəzərə alsaq ki, yoluxmanın yayılması müəyyən məqamdan sonra daxili yoluxmadan qaynaqlanır, Dünya Bankının “Rule of Law” göstəricisinə nəzər salmağımız məqsədəuyğun olar. Bu göstərici ölkədə qayda-qanun sisteminin nə dərəcədə güclü olmasını, insanların qanunlara olan inamını və həmçinin onlara riayət olunması səviyyəsini müəyyən edir. Sözügedən indeksin virusla bağlı tətbiq olunan qoruyucu tədbirlərə nə dərəcədə riayət olunmasının dolayı göstəricisi (proxy) kimi götürsək, yoluxma sayına görə ilk 30 ölkə üzrə, İtaliya və İspaniyanın Avropada ən aşağı göstəriciyə malik 3 ölkə arasında olduğunu görə bilərik.

Göstərilən ölkələrin ölüm sayının yoluxamaya nisbətdə faizinə baxdıqda yenə İtaliyanın 11 faizlə öndə getdiyinin şahidi ola bilərik.

Buna səbəb isə, İtaliyanın 65 yaşdan yuxarı əhalinin bütün əhali üzrə fazinə görə dünyada Yaponiyadan sonra ikinci yerdə qərarlaşmasıdır (23%). Bəs nəyə görə Almaniyanın bu siyahıda 21 faizlə altıncı yerdə olmasına baxmayaraq ölüm nisbəti bu qədər aşağıdır? (0.8%). Buna əsas səbəblərdən biri səhiyyənin keyfiyyəti göstərilə bilər. Legathum Prosperity İndexinin səhiyyə bölməsinin qayğı elementinə görə Almaniya dünya üzrə bütün ölkələrə liderlik edir.

Təsadüfi deyildir ki, dünya üzrə qəbul etdiyi çinli turistlərin sayına görə 3-cü yerdə, yaşlı nəsil fazinə görə 28% faizlə 1-ci yerdə qərarlaşan Yaponiya səhiyyəsinin 4-cü yerdə olması hesabına ölüm nisbətinin aşağı olmasının səbəblərindən biri ki göstərilə bilər.

Əlbəttə, adıçəkilən göstəricilər ölkələrin tam şəkildə analizini əhatə etmir. Burada hər bir ölkənin hansı mərhələdə qoruyucu tədbirləri tətbiq etməsi, aparılan testlərin sayını, sosial həyat tərzi, yoluxanların digər xəstəliklərinin olması ehtimalı və s. kimi səbələr mühüm rol oynayır.

Qeyd edim ki, yuxarıdakı analiz qeydə alınmış yoluxmalar və ölüm sayı əsasında aparılıb. Çox güman ki, bu göstərici yoluxmaların real sayını əks etdirmir. Lakin indiki məqamda mən bu yazıda mövcud olan rəqəmlər və informasiyaya dayanaraq vacib hesab etdiyim məqamları vurğulamaq istədim.

Nigar Əzizova

Leave a comment

Information

This entry was posted on March 30, 2020 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com