Dramatik… İslandiya (birinci yazı)
Dramatik…
İslandiyanı bir sözlə ifadə etməli olsam, yəqin ki, bu sözü seçərdim.
İyulun sonunda bu ölkəyə qısa, amma məzmunlu bir səyahət etdik. İslandiya son zamanların “trend ölkəsi” olduğundan, bir çox insan bu ölkə ilə maraqlanır, bura səyahət planlaşdırır. Bu yazıda son səyahətimizdə əldə etdiyimiz təcrübəni və öyrəndiklərimizi bölüşmək, səyahət planlayanlar üçün məsləhətlər vermək istəyirəm.
İslandiyaya aparan yol
Bakıdan İslandiyaya münasib qiymətə uçmağın iki yolu var. Birincisi “Air Baltic” hava yolları ilə Bakı-Riqa-Reykyavik seçimidir. “Air Baltic”in xidmətindən ikinci dəfədir istifadə edirdim. Belə deyək, Qatar hava yolları deyil, ancaq nisbətən ucuz qiymətə normal xidmət təklif edirlər. 8 kilo əl çantası pulsuzdur. Baqaja görə isə ödəniş tələb olunur.
Və ən əsası… Büdcəsi kiçik olan və əvvəlcədən səyahət planlayan insanlar üçün ən müsbət cəhəti – bu hava yollarından 2 ay əvvəldən bilet alsanız və xərciniz 100 avrodan çox olsa, ödənişi heç bir əlavə xərcsiz 2 dəfəyə etmək olar. 3 aydan artıq vaxt varsa və ödəyəcəyiniz məbləğ 200 avrodan çoxdursa, ödənişi 4 dəfəyə etmək olar! Yəni biletin pulunu hissə-hissə ödəmək mümkündür…
İkinci variant, hamımızın sevimlisi “WizzAir” şirkətidir. Bakı-Budapeşt-Reykyavik marşrutuna da əvvəldən bilet planlamaqla nisbətən ucuz bilet almaq olar. İş elə gətirdi ki, bizim səyahətin birinci tərəfi “Air Baltic”lə, geri dönüşü isə, “Wizz Air”lə oldu. Bu iki şirkət arasında seçim etməli olsaydım, “Air Baltic”i seçərdim. Bu belə…
Gəldik çıxdıq Reykyavikə. Əvvəldən plan o idi ki, avtomobillə ölkənin məşhur Dairəvi Yolunu (Ring road) gəzək. Bu yol 1974-cü ildə tamamlanıb və 1332 kilometr uzunluğundadır. Turistlər adətən Reykyavikdən başlayıb (saat əqrəbi istiqaməti və ya tərsinə) səyahəti elə orada da bitirirlər. Dairəvi yol İslandiyanın bir çox böyük şəhər (böyük şəhər anlayışı bu ölkədə nisbidir- bu barədə az sonra) və turistik məkanlarından keçir. Yol ilin bir çox vaxtı açıq olur, lakin bəzən hava şəraiti ilə əlaqədar yolun bir hissəsini bağlayırlar.
Nə vaxt səyahət etməli?
İslandiya ilin istənilən fəsilində gözəldir. Hər fəsildə başqa gözəlliklər var. Məsələn, noyabr ayından mart ayına qədər səyahət edənlər möhtəşəm qış atmosferi hiss edə bilər. Digər tərəfdən, bu dövrdə möcüzəli Qütb Parıltısını (Nothern Lights və ya Aurora Borealis) müşahidə etmək mümkündür. Lakin qışda səyahətin çətin tərəfləri də var. Əvvəla, hava çox soyuq olur. Bəzi yerlərə səyahət etmək üçün lazımı geyiminiz, ayaqqabınız olmalıdır. İkincisi, maşın yolları bəzən buzlanmaya görə bağlanır. Bağlanmasa belə, sürmək kifayət qədər təhlükəli olur. Digər tərəfdən, qışda burada gün çox qısa olduğundan maşın sürmək və ya turistik məkanları ziyarət üçün vaxt çox az qalır.
Məhz buna görə, biz yayda səfər etmək qərarına gəlmişdik. Yuxarıda qeyd etdiyimin əksinə, yayda İslandiyada qaranlıq, demək olar ki, olmur. Şimal Qütbünə yaxın olduğu üçün, biz İslandiyada olduğumuz müddətdə, gecə saat 12 radələrində hava nisbətən tündləşir (Bakıda saat 8-9 radələrində olduğu kimi), saat 2-3 radələrində yenidən açılırdı. Bu bizə imkan yaradırdı ki, gün ərzində daha çox şey görək və daha uzun məsafə qət edək. Nəticədə, 5 gün ərzində qışda, bəlkə də, 15 günə edə biləcəyimiz şeyləri etdik.
Necə səyahət etməli?
Səyahətimizi 2 nəfərlik ev-maşın (bundan sonra- campervan) ilə etdik. Və bu ölkəyə səyahət edəcək hər bir kəsi belə etməyə çağırırıq. Bunun bir neçə sadə səbəbi var. Əvvəla, İslandiyanı maşınsız gəzmək çox çətin, bəlkə də, mümkünsüzdür (söhbət ürəyin istəyən kimi gəzməkdən gedir). Avtobuslar, turlar tapmaq mümkündür, lakin sərbəstliyin limitli olur. İstədiyin yerdə, istədiyin qədər dayana bilməmək narahatlıq yaradır. Bəzən yolüstü elə gözəl mənzərələr açılır ki, dayanmaq şərtdir. Bunu başqa nəqliyyat vasitələrində etmək çətindir.
Beləliklə, maşınla səyahət qərarını verdikdən sonra, maşın kirayəsi və otel qiymətləri ilə maraqlandıq. Maşın kirayəsi kifayət qədər baha olduğu azmış kimi, qalmağa otellər (hətta hostel və Airbnblər belə) ondan daha baha idi. Bu da məhz ikinci səbəbdir ki, campervan kirayə etməklə maşın və ev xərcini birləşdirib daha ucuz səyahət edə bilərsiz.
Üçüncü səbəb gecələmək üçün məkan seçimi ilə bağlıdır. Yol səyahətində gözlənilməz şeylər baş verir- maşın xarab olur, hansısa şəhərdə daha çox vaxt keçirirsən və s. Nəticədə, əvvəldən pulunu ödədiyin otelə çatmaq üçün dəridən qabıqdan çıxmalı olursan. Elə olur ki, oteldə qeydiyyat (check-in) axşam bağlanır və məcbursan, zəng edib xahiş edəsən ki, səni gözləsinlər. Campervanla isə, vəziyyət fərqlidir. İslandiyanın bir çox yerlərində campervan, eləcə də, çadır qurmaq üçün (camping) xüsusi ayrılmış məkanlar var. Bu məkanlar bir-birindən çox aralıda yerləşmir. Bu baxımdan, maşın sürməyi dayandırıb gecələmək qərarı verdiyinizdən maksimum yarım saat sonra həmin məkanlardan birinə çatmaq olar. Ona görə də, campervan ilə səyahət sizə əlavə sərbəstlik verir. İstəsəniz həmin günü səyahəti tez bitirmək və ya dişinizi sıxıb növbəti məntəqəyə qədər maşın sürmək kimi azadlığınız var.
Qeyd edim ki, maşını yol qırağında istədiyiniz yerdə saxlayıb gecələmək qadağandır- yalnız qanunla icazə verilən zonalarda gecələmək olar. Bu məkanlar, adətən, pullu olur. Adambaşına təxminən 15-20 avro civarında. Əvəzində sizə internet, hamam-tualet, yemək bişirmək, qab yumaq üçün yer verirlər.
Campervanın növbəti üstünlüyü odur ki, İslandiyada gecələmək üçün yerlər digər Avropa ölkələri ilə müqayisədə çox azdır (bahalığı artıq vurğulamışam). Xüsusilə də, kiçik “şəhərlərdə” qalmağa yer tapmaq müşkül məsələ olur. Bu baxımdan, xüsusən də, turistlərin bol olduğu yay aylarında otellərdə yer tapmaq çətin olur. Campervandə isə yatmağa yeriniz artıq təmin olunub!
Və ən nahəyət… Campervanla səyahət çox maraqlı, fərqli və əyləncəlidir. İçində öz yeməyini bişirmək və yemək üçün qaz balonu, qazan dəsti, qab-qaşıq və digər lazımi avadanlıqlar olur. Təbiət qoynunda maşını saxlayıb bir pürrəngi çay içməyin ləzzəti başqadır…
Campervanla bağlı barədə daha ətraflı
Biz ev-maşını Kuku Campervans şirkətindən kirayə etmişdik. Şirkətin çox maraqlı internet səhifəsi, şən və zarafatcıl işçiləri var. İlk dəfə onlarla əlaqə saxladığın andaca özünü çox rahat hiss edirsən. Hətta maşınlarının xarici dizaynı belə insanda xoş əhval-ruhiyyə yaradır. Adətən, kirayə maşın götürəndə mən biraz narahat oluram- müqavilə müzakirəsi zamanı otaqda gərgin atmosfer olur. Bəzi şeyləri demirlər, bəzən müqavilədə sığorta ilə bağlı gizli məqamlar olur, bəzən maşının gözə görünməyən problemləri olur. Lakin Kuku işçilərinin yanaşması ilk andaca gərginliyi aradan qaldırdı. Qiymətləri də çox münasib idi. Biz 5 günlük 2 nəfərlik kiçik campervana cəmi 234 avro ödədik. Bu, nəniki İslandiya, digər ölkələr üçün belə kifayət qədər yaxşı qiymət idi. Amma onu deyim ki, bizim maşının ötürücüsü mexanik idi, avtomatik ötürücülü maşınların qiyməti 400 avrodan başlayırdı…
Burada daha bir vacib məqamı qeyd edim. İslandiyaya kim səfər etmək istəyirsə, əgər maşın və ya campervan kirayə etsəniz, mütləq çınqıl sığortası (gravel insurance) əldə edin. Bu sizin səyahətiniz zamanı ən yaxın dostunuz olacaq (yol yoldaşınızdan başqa). Baş ağrısız səyahəti təmin edəcək.
İlk anda bu məsələyə qeyri-ciddi yanaşıb sığortasız səyahət götürməmək fikrimiz olsa da, son anda almaq qərarına gəldik. Və yaxşı ki, bu qərarı verdik. Maşını götürüb yola başladığımızdan 10 dəqiqə keçməmişdi ki, maşınımızın ön şüşəsinə qabaqdan gedən maşının təkərində çınqıl dəydi və şüşə balaca çat verdi. Sığorta olmasaydı bu bizə baha başa gələcəkdi. Ona görə, məsləhət edirəm ki, günə 10 avronuzdan keçib bu sığortanı götürəsiniz. Yollar ümumən yaxşıdır, amma bir çox hallarda yolda çınqıl olur və yüksək sürətlə hərəkət edəndə maşının şüşəsinə, korpusunda (xüsusilə də təkərin ətrafında) zədələr yaranır.
Yollar barədə
Dairəvi yolun demək olar ki, bütün hissəsində yalnız iki zolaq var. Yəni yolun hər istiqamətinə ancaq bir maşın hərəkət edə bilər. Üstəlik, zolaqlar o qədər də geniş deyil və bəzən qarşıdan gələn avtomobillə aranızda məsafə çox kiçik olur. Bu azmış kimi, yolun demək olar ki, heç bir hissəsində zolaqlar arası fiziki maneə yoxdur – zolaqları ancaq boya ayırır. Bütün bunlar, yüksək sürətlə hərəkət zamanı, bu yolu təhlükəli edir. Hətta körpülərin bir çoxunda, ümumiyyətlə, cəmi bir zolaq olur. Körpüyə ikinci çatan maşın birinci çatana yol verir.
Dairəvi Yolun böyük hissəsində maksimal sürət limiti saatda 90 kilometrdir. Yəni İslandiyada bundan yüksək sürətlə sürmək qadağandır. Deyilənə görə, cərimələr çox bahadır. Maraqlısı odur ki, İslandiyada maşın sürdüyümüz 1850 kilometr boyunca, demək olar ki, 3 ya 4 sürət kamerası və cəmi 2 polis maşını gördük.
Digər maraqlı cəhət odur ki, yollar, sanki təpə üzərindədir. Yəni yol kənarları eniş formasındadır. Bu o deməkdir ki, bu və ya digər səbəbdən, sürətlə yoldan kənara çıxsan, maşının aşmama ehtimalı çox aşağıdır. Yolu daha təhülkəli edən digər cəhət odur ki, bəzi hissələrdə üzü yuxarı təpələr və ya sərt döngələr ucbatından qarşıdan gələn maşınları görmək çətin olur.
Yuxarıdakı səyahət vaxtının seçilməsi haqda danışdıqlarıma qayıdaraq, onu deyim ki, bu yolu qışda sürmək daha təhlükəli ola bilər. Bu fakt yay vaxtı səyahət etmək seçiminə biraz da əlavə stimul verə bilər. Uzun sözün qısası, İslandiyada yolların keyfiyyəti yaxşı olsa belə, Dairəvi Yol mən gözlədiyimdən daha təhlükəli idi. Maşın sürsəniz ehtiyyatı bir saniyə belə əldən verməyin!
Qoyunlar
Potensial maşın qəzası ilk növbədə öz sağlığınız üçün riskdir. Bu öz yerində. İkincisi, maşınınız zərər görəcək və kirayə şirkəti sizdən minlərlə avroya qədər pul alacaq, səyahət planınız pozulacaq və s. Bu da belə. Yollarda digər gözlənilməz təhlükə mənbəyi isə… qoyunlardır.
Yol boyu az qala hər addımda qoyunla rastlaşa bilərsən. Sən demə, cəmi 350 min əhalisi olan İslandiyada, 500 mindən çox qoyun var. Lakin maraqlısı odur ki, bu qoyunlar sürü şəklində deyil, iki-iki, üç-üç gözə dəyir. Bir çox hallarda yol kənarında otlayırlar. Onların çölün düzündə, sahibzsiz otlamasının səbəbi də maraqlıdır. Sən demə, yay vaxtı İslandiyada qoyunlara “sərbəstlik” verilir- “get kef elə, yaşıl vadilərdə otla nə qədər istəyirsən!”. Yol kənarında olan iki-üç qoyun isə, adətən, bir ailə olur- ana, ata və bala(lar). Yay zamanı otlayan quzular, sentyabra qədər böyüyür və ətlənir.
Sentyabrda isə ölkə üzrə səpələnən yüz minlərlə qoyunun geri dönüşü başlayır. Bizim islandiyalı dostumuz izah etdi ki, bu proses çox maraqlı və uzun çəkən proses olur. Hətta ailərlər üçün bayram əhval ruhiyyəsi yaranır, rituala çevrilir. Bütün ailə üzvləri, kiçiklər, böyüklər prosesə cəlb olunur. Atlar və itlərinin köməyi ilə (bəzən xüsusi texnikanın köməyi ilə) qoyunların axtarışına çıxılır və qoyunlar dairə formasında xüsusi məklara gətirilir (yerli dildə réttir adlanan) və burada fermerlər öz qoyun-quzularını seçirlər.
Qeyd etdiyim kimi, bu proses, adətən, sentyabr ayında baş verir. 2012-ci ildə qışın tez gəlməsi nəticəsində yüzlərlə qoyun qar altında qalmaqdan tələf olmuşdu. Məhz bu səbəbdən, bəzi yerlərdə qoyunların geri dönüşünü avqustun sonlarından etməyə başlayıblar. “Evə” dönən qoyunlar, qışı isti yerlərində keçirirlər (yaxud da, qəssabların yanında…).
Yol təhlükəsinə qayıdaraq, qeyd edim ki, bu heyvanlar bəzi hallarda gözlənilmədən yola çıxır və nəticədə, maşınlar üçün qəza şəraiti yaradırlar. Xüsusilə də, ana və bala yolun fərqli hissələrində olanda, qəfil yola çıxma ehtimalı çox olur. Maşın kirayə etdiyimiz şirkət bizə dedi ki, nəbadə qoyunu vurasınız. Yerindəcə fermerə zəng edib 500 avro təzminat ödəməli olacaqsınız. Bəli, 500 avro…
Növbəti yazıda səyahət prosesi, gördüyümüz yerlər, o cümlədən İslandiya haqda öyrəndiklərimizi bölüşəcəm.