Dünən Avstraliya hökuməti çoxdan bəri üzərində iş gedən mühüm bir hesabat barədə ictimaiyyətə məlumat verib. “Nəsillərarası hesabat” (İntergenerational Report) adlanan həmin sənəd (Hesabatın tam versiyasını buradan oxuya bilərsiniz) dərhal kütləvi informasiya vasitələrinin diqqətini cəlb edib. Avstraliya hökumətinin təqdim etdiyi bu hesabatın bir ştat miqyasında anoloji versiyasının hazırlanmasında az-çox əməyi olan adam kimi bu sənədin əhəmiyyəti barədə danışmaq istəyirəm.
Belə bir hesabatın hazırlanması zərurəti nədən yaranıb?
“Uşaq bumu” barədə bir neçə söz
İkinci Dünya Müharibəsi başa çatandan sonra əksər ölkələrdə olduğu kimi Avstraliyada da döyüşlərə səfərbər olunan kişilər evlərinə dönməyə başlayırlar. Bu qayıdış dərhal ölkədə ciddi dəyişiklik yaradır. Müharibə illərinə xas olan durğunluq aradan qalxır, həyat canlanır. Və bütün bunlar ölkədə demoqrafik proseslərin dəyişməsinə gətirib çıxarır, ölkədə doğuşların sayı kəskin şəkildə artır. Bu isə öz növbəsində əhali artımına səbəb olur.
Nəticədə 1946-61-ci illər ərzində Avstraliyada 4 milyon körpə dünyaya göz açır. Və bu dövrdə doğulan nəsil “baby boom generation” – “uşaq bumu nəsli” adını alır.
Aşağıdakı qrafik Avstraliyada tarixən bir qadına düşən doğuş sayını göstərir.
Qrafikdə 40-cı illərin ortalarından 60-cı illərin əvvəllərinə qədər olan kəskin artımı asanlıqla müşahidə etmək olar.
Xatırlatmaq yerinə düşər ki, bu proses müharibədən sonra yalnız Avstraliyada deyil, Amerikada və Avropanın bir çox ölkələrində də müşahidə edilib. Amma Avstraliyada əhalinin artımına dünya müharibəsindən sonra Avropadan immiqrant axınının başlaması da öz təsirini göstərib.
Bu artımın iqtisadiyyata təsiri varmı?
Təbii, var. Əhalinin birdən-birə bu sürətlə artması ilk baxışda hər bir ölkənin iqtisadiyyatnın yaxın və orta gələcəyi üçün müsbət hal sayılır. Çünki gənc nəslin ümumi əhaliyə nisbətən payının artması bir neçə il sonra işçi qüvvəsinin artmasına, iqtisadiyyatın daha dinamik olmasına və vergi yığımının çoxalmasına kömək edir.
Avstraliyada da belə olur. Lakin uzunmüddətli perspektiv baxımından qarşıya bir problem çıxır: əhalinin əvvəlki illərə xas sürətli artımına uyğun yaşlanma problemi.
Bu, nə deməkdir? Müharibədən sonra nəsil artımı başlayır. Təxminən 20 il sonra gənc işçi qüvvəsinin sayının çoxluğu iqtisadiyyata müsbət təsir edir və… illər keçir, həmin nəsil dünyaya gəldiyi kütləviliklə də təqaüdə çıxmağa başlayır və iqtisadiyyata bu dəfə əks təsir göstərir…
Avstraliyada təqaüdə 65 yaşda çıxırlar. Beləliklə, “baby boomers” – “uşaq bumu nəslinin” ilk nümayəndələri 2010-cu ildən etibarən təqaüdə çıxmağa başlayır. Və məlum olur ki, bu nəslin nümayəndələri artıq iqtisadiyyat üçün dinamika deyil, yük olmaqdadır. Niyə? Çünki artıq əhalinin böyük faizi yaxın gələcəkdə işçi qüvvəsi sırasından çıxacaq.
Hazırda Avstraliyada kişilər orta hesabla 91.5, qadınlar isə 93.6 il yaşayırlar! Hesablamalar əsasında bu rəqəmin 2055-ci ildə qadınlar üçün 96.6, kişilər üçün isə 95.1 olacağı proqnozlaşdırılır.
Deməli, illər keçdikcə yaş həddinin artması nəticəsində yaşlı insanların sayı çoxalacaq və əhalinin yaşlanması sürətlənəcək. Avstraliya hökumətinin bu günlərdə açıqladığı hesabata əsasən, 2054-55-ci illərdə yüz yaşdan yuxarı olan insanların sayı 40 mini ötəcək. Nəticədə hökumət daha çox insanı pensiya ilə, sağlamlıq xidmətləri ilə təmin etmək məcburiyyətində qalacaq. Bundan əlavə, əhalinin ümumi sayında gənclərin xüsusi çəkisi azaldığına görə, vergi ödəyicilərinin, dolayısı ilə, vergi yığımının və büdcə gəlirinin miqdarı azalacaq.
“Nəsillərarası hesabat” əhalinin yaşlanmasının gələcəkdə ölkə iqtisadiyyatına yaradacağı təhlükəni proqnozlaşdırır. Hesabat 2015-2055-ci illər üçün proqnozlar təqdim edir və bunların bütövlükdə iqtisadiyyata və dövlətin fiskal balansına (büdcəsinə) təsirini öyrənir.
Bütün dediklərim barədə daha aydın görüntü yaratmaq üçün rəqəmlərə və qrafiklərə müraciət edirəm. Aşağıdakı qrafikə baxaq. 1975-ci ildə 65-84 yaşlı əhali ümumi əhalinin cəmi 9%-i idisə (1.2 milyon), bu gün həmin rəqəm 13%-dir (3.1 milyon). Hesablamalara görə 2055-ci ildə 65-84 yaşlıların sayı 7 milyona çatacaq və bu, əhalinin təxminən 18%-ini təşkil edəcək.
Qeyd etdiyim kimi, əhali yaşlandıqca işçi qüvvəsi azalmağa başlayır. Növbəti qrafik Avstraliya əhalisinin əmək bazarında iştirak həddini göstərir. İştirak həddi (participation rate) işlə təmin olunan və ya aktiv surətdə iş axtaran insanların ümumi işçi qüvvəsinə nisbətidir. Bu rəqəm nə qədər yuxarı olsa, o deməkdir ki, daha çox insan işlə təmin olunub və ya daha çox iş axtaran insan var. Təbii ki, yaşlanma davam etdikcə işləmək istəyənlərin sayı azalacaq və bu da özünü əmək bazarında iştirak səviyyəsininin azalmasında göstərəcək.
Qrafikdən də göründüyü kimi, Avstraliyada 2018-ci ildən etibarən əmək bazarında iştirak səviyyəsi kəskin düşəcək.
Bütün problemlər də elə məhz bundan sonra başlayacaq. Nəticədə daha az Ümumi Daxili Məhsul istehsal olunacaq. Ölkə büdcəsinə daha az vergi daxil olacaq və dövlətin səhiyyə, pensiya xərcləri daha da çoxalacaq. Beləliklə, hökumətin proqnozlarına görə, 2055-ci ilədək büdcə siyasətində, iqtisadiyyatda islahatlar aparılmasa, kəskin büdcə kəsiri gözlənilir. Nəhayət, ölkə öz xərclərini ödəmək üçün böyük miqdarda xarici borca ehtiyac duyacaq.
Çıxarılmalı olan nəticə
Gözlənildiyi kimi hökumətin bu hesabatı ictimaiyyət arasında geniş rezonans doğurub. Bir çox müxalifət nümayəndələri hesab edirlər ki, hökumət bu hesabatı təqdim etməklə vergi sistemində dəyişikliklər etməyə, büdcəni daha da sərtləşdirməyə çalışır, hesabatdakı rəqəmləri şişirtməklə büdcə islahatlarını insanlara “yedirtmək” istəyir.
Hökumət isə vurğulayır ki, bu islahatları etməsək, gələcək nəsillər əziyyət çəkəcək: “İndidən gələcək problemlərə hazır olmalı, müvafiq tədbirlər görməliyik”.
Viktoriya ştatı üçün anoloji hesabatın hazırlanmasında yaxından iştirak etdiyimdən hesabtın tənqidçilərinin populist mövqe tutduğuna şübhə etmirəm. Hesabat bütövlükdə real faktlar və məlum iqtisadi qnunlar əsasında hazırlanıb.
Bütün bunların Azərbaycana nə dəxli?
Haqqında söhbət açdığım hesabat iqtisadiyyata və bütövlükdə iqtisadi proseslərə uzunmüddətli yanaşma nümunəsidir. Və hesab edirəm ki, olduqca gərəkli və öyrənilməsi zəruri olan yanaşmadır.
Avstraliya hökumətinin təcrübəsinə əsaslanıb Dünya Bankının yaydığı rəqəmlərə ötəri nəzər salmaqla müəyyən etmək olar ki, təxminən 40 il sonra Azərbaycan əhalisininin də kəskin yaşlanması gözlənilir. Bəs görəsən, biz gələcək nəsillərin yükünü daşımaq üçün hazırıqmı?