Doğrusu, Avstraliyaya gələnə qədər Türkiyə üçün zəfər döyüşü sayılan bu hadisənin Avstraliya ilə əlaqəsindən xəbərsiz idim….
Bir qədər tarix haqda
Çoxlarımız orta məktəb dərsliklərindən, eləcə də kütləvi informasiya vasitələrindən Çanaqqala döyüşünün Türkiyə üçün əhəmiyyətini bilirik. Bu döyüş müasir Türkiyə tarixinin ən şanlı səhifələrindən biri kimi xatırlanır. Digər tərəfdən, bu döyüş sonralar Türkiyənin ilk Prezidenti olacaq Mustafa Kamalın hərbçi kimi ən parlaq zəfəri sayılır. Azərbaycanda bu barədə hamının az-çox məlumatı var. Sən demə, bu zəfərin indi yaşadığım Avstraliyaya da dəxli var imiş və bu ölkənin sakinləri də Çanaqqala zəfərini yad edirlər. Niyə və necə?
Hər il aprelin 25-i Avstraliya və Yeni Zelandiyada ANZAC günü kimi qeyd olunur və bu gün birbaşa Çanaqqala döyüşü ilə bağlıdır. Düzdür, Avstraliyaya təzə gələndə tez-tez televiziyada ANZAC sözünü eşidirdim. Sonralar hətta ANZAC biskviti, ANZAC günü, ANZAC ruhu və sair söz birşləşmələrinə rast gəlməyə başladım. Bir az araşdırmadan sonra ANZAC günü haqda maraqlı faktlar öyrəndim. Bu anım gününün 100-cü ildönümü olduğuna görə bu haqda yazını məhz bugün paylaşmaq qərarına gəldim.
Tarix haqda çox yazmayacam. Tarixçi olmadığımdan və internetdə kifayət qədər resurs olduğundan yalnız ümumi məlumatla kifayətlənəcəm.
Birinci Dünya Müharibəsi zamanı müttəfiq ölkələr olan Fransa və Britaniya xüsusi strateji əhəmiyyət daşıyan İstanbulu ələ keçirmək istəyirdi. Bu, həm də onların müttəfiqi olan Rusiyaya dəniz yolunu açacaq, Türkiyənin Qafqaza təsir dairəsinin zəifləməsinə kömək edəcəkdi. Bu məqsədlə müttəfiqlər əvvəlcə Çanaqqalaya dənizdən hücuma başlayırlar. Bir ay uğursuz döyüşdən sonra quru qoşunlarının köməyi ilə Gallipoli yarımadasını (türkcə Gelibolu) ələ keçirmək planı ortaya çıxır. Bu əməliyyatı Sir İan Hamiltonun başçılıq etdiyi Aralıq dənizi Ekspedisiya Qüvvələri həyata keçirəcəkdi. Qeyd edim ki, cəbhənin bu hissəsindəki müttəfiq qoşunlar İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiya əsgərlərindən ibarət idi. Bu qoşun hissələri Misirdə bir yerə toplaşaraq müvafiq hərbi təlim keçdikdən sonra Türkiyə üzərinə hücum edəcəkdi. Məhz bu hazırlıq dönəmində Avstraliya və Yeni Zelandiyalı əsgərlər bir korpusda birləşdirilir və bu korpusa “Australia and New Zealand Armed Corps” (Avstraliya və Yeni Zelandiya Silahlı Korpusu) – ANZAC adı verilir. Bir müddət sonra hətta türklər belə Avstraliya və Yeni Zelandiyalı əsgərlərə sadəcə “ANZAClar” deyə müraciət edirlər.
Xatırladım ki, həm Avstraliya, həm də Yeni Zelandiya Birinci Dünya Müharibəsinə xeyli hərbiçi göndərmişdi. Gallipoli döyüşündə təxminən 60 minə yaxın Avstraliya və Yeni Zelandiyalı əsgər və zabit iştirak edirdi.
Beləliklə, müttəfiq qoşunları 1915-ci il aprelin 25-i səhər saat 6-da Gallipoli yarımadasının sahilinə yaxınlaşırlar. ANZAClar sahilə çıxan kimi Osmanlı ordusunun kəskin müqaviməti ilə üzləşir. Osmanlı ordusunun başında duran Mustafa Kamal əsgərlərinə “sizə döyüşməyi deyil, ölməyi əmr edirəm. Biz ölənə qədər digər əsgər və zabitlərimiz bizim yerimizi tutacaqlar” deməsi döyüşün necə gərgin keçməsindən xəbər verir.
Döyüşün birinci günü 620-dən çox ANZAC həlak olur. Əsgər və zabitlərin sonralar çap olunan xatirələrindən görünür ki, müttəfiq qoşunlarınn zabitləri döyüş zamanı ruhdan düşdükləri üçün hətta döyüşün birinci günü geri çəkilmək barədə fikirləşməyə başlayıblar. Amma döyüşlər davam edib…
Müttəfiq qoşunların hücumları nə qədər güclü hazırlansa da Osmanlı ordusunun müqavimətini qırmaq mümkün olmur. Əksinə, 1916-cı ilin yanvarında Gallipoli yarımadası tamamilə müttəfiq qoşunlardan təmizlənir. Bu döyüş zamanı 8700 avstraliyalı və 2800 Yeni Zelandiyalı əsgər həlak olur. Təxminən 25 min ANZAC yaralanır. Bütün bunlarla yanaşı, hərbi kampaniya uğursuzluqla nəticələnir. Müttəfiq qoşunları Misirə doğru geri çəkilməyə məcbur olulrar.
ANZAC gününün əhəmiyyəti
Maraqlıdır ki, məğlubiyyətə baxmayaraq, bu döyüş Avstraliya və Yeni Zelandiya tarixinin ən mühüm hadisəsi hesab edilir. Belə hesab olunur ki, bu iki ölkənin millət və müstəqil dövlət kimi formalaşması, özünüdərki məhz bu hadisədən sonra baş tutur. Bununla yanaşı, bu döyüş Avstraliya və Yeni Zelandiyanı bir-birinə daha da yaxınlaşdırır. Məhz bu səbəbdən də Çanaqqala döyüşünün bu iki dövlətin tarixində əvəzsiz rolu var.
Bu il aprelin 25-də ANZACların Gallipoli yarımadasına girməsindən 100 il ötür. Az qala bir aydan çoxdur ki, yerli kütləvi informasiya vasitələrində, məktəblərdə, iş yerlərində bu tarixlə bağlı böyük təbliğat işi aparılır.
Bu mövzuda müxtəllif filmlər də çəkilib (Russel Crowe-nun iştirakı ilə “Water diviner” filminə baxmağı məsləhət görürəm), rəsm sərgiləri təşkil olunub. Hər il aprelin 25-də müxtəlif xatirə tədbirləri keçirilir, hərbi parad təşkil olunur. Məktəb auditoriyalarında, mətbuat vasitələrində fəxrlə “ANZAC ruhu” (ANZAC spirit) barədə danışılır. İnsanlar dövlət arxivi vasitəsilə müharibədə iştirak etmiş babalarını, qohumlarını tapmağa çalışır, onlara məxsus əşyaları, kitabçaları ən əziz xatirə kimi saxlayırlar.
ANZAC sözü ölkədə vətənpərvərlik simvolu kimi qəbul olunduğundan Avstraliyada dövlətin icazəsi olmadan bu sözdən kommersiya məqsədləri ilə istifadə etmək olmaz. Söhbət, təbii ki, reklam materiallarından gedir. Bu yaxınlarda böyük supermarketlər şəbəkəsi olan Woolworth öz reklamlarında ANZAC sözünü istifadə etdiyinə görə dövlət tərəfindən xəbərdarlıq alıb və reklamı yığışdırılıb. Əks halda həmin şirkəti 50 min dollar cərimə gözləyə bilərdi.
Beləcə, hər il aprelin 25-i səhər saat 6-da (ANZACların Gallipoliyə girdiyi an) Avstraliyanın müxtəlif şəhərlərində anım tədbirlərinə start verilir. Melburnda bu səhər keçirilən tədbirdə soyuq və yağışlı hava şəraitinə baxmayaraq rekord sayda – 80 min insan iştirak edib. Dünən şəhərin mərkəzi meydanı olan Federation Square ANZACların xatirəsinə 250 min çiçəklə örtülmüşdü…
Daha bir maraqlı fakt. Sən demə, hər il Avstraliyadan Türkiyəyə minlərlə avstraliyalı gedir ki, ANZAC gününü məhz Galipolidə qeyd etsinlər. Bu il də istisna deyil. Səhv etmirəmsə bu il 6 min avstraliyalı Gallipolidəki anım tədbirlərində iştirak etmək üçün yola düşüb.
Döyüşdə minlərlə itki verməsinə baxmayaraq, avstraliyalıların Türkiyəyə münasibəti çox yaxşıdır. Əvvəla, onlar da başa düşürlər ki, bu döyüşdə türklər öz ölkələrini müdafiə ediblər. Digər tərəfdən, yəqin ki, Mustafa Kamal Atatürkün ANZAC-çıların xatirəsinə yazdığı aşağıdakı sözlərdən sonra heç kim türklərdən inciyə də bilməzdi:
“Bu döyüşdə iştirak etmiş və həlak olmuş qəhrəmanlar…Siz indi dost ölkə torpağında uyuyursunuz. Bizim üçün torpağımızda yan-yana həlak olmuş Connilər və Mehmetlər arasında heç bir fərq yoxdur. Ey övladlarını uzaq ölkəyə döyüşə göndərən analar, göz yaşlarınızı silin; övladlarınız indi sülh içində yatır. Bu torpaqda həyatlarını itirdikdən sonra, onlar artıq həm də bizim övladlarımızdır”.
Bu sözlər həm də Mustafa Kamal Atattürkün paytaxt Kanberradakı memorial abidəsinin üzərinə həkk olunub…
PS mətndə istifadə olunmuş şəkillər http://www.theage.com.au səhifəsindən götürülüb.
Great blog, Rashad. What you say about Gallipoli being a defining event in developing the identities of Australia and New Zealand is quite true, but to me, what is even more amazing is the relationship that has developed between Turkey and the ANZACs as a result of the Gallipoli campaign. As you note, this special relationship seems to have started with Kamal Ataturk’s words immediately after the campaign was over. The service held at Gallipoli April 25 each year is a joint Turkish/Australian/New Zealand commemoration. How often is that old foes come together like this? As a 20 year old, travelling in Turkey in the 70s, I remember Turkish people were extraordinarily hospitable if they realized you were a New Zealander, and Gallipoli was always discussed.
Salam Rashad. O qeder is arasinda bu movzunu arasdirib melumatsiz ve ya tenbel insanlari (ozumu nezerde tuturam) bilgilendirdiyin ucun sagol. Bundan sonra her ANZAC gununde Avstraliyali dostlarimizla bu barede mutleq danisacam. Ugurlar.