Əvvəlki yazıda Yeni Zelandiyaya səyahətimizin ilk hissəsi haqda yazmışdım. Rotarua termal bulaqlarını gəzdikdən sonra yola davam edirdik. Səyahətin ikinci günü gecələmək üçün meşəyə doğru yola çıxdıq. Əvvəlki yazıda qeyd etdiyim kimi, səyahətin bir çox hissəsini çadırda gecələyəsi idik. Odur ki, Rotaruanı tərk etdikdən sonra gecələyəcəyimiz məkana- Urchin camp-a doğru irəliləyirdik. Biz meşəyə çatanda hava artıq qaralmağa başlayırdı (Şəkillərin daha keyfiyyətli görünməsi üçün üzərinə klikləyin).
Bizdən başqa bir neçə alman turistdən ibarət qrup da gecə həmin yerdə qalmağı planlaşdırırdı. Həm havanın soyuq olması, həm də ətrafda elektrikin olmamasına görə planımız var idi ki, ocaq qalayaq (Səbəblər siyahısına çadır kənarında ocaq qalamaqla romantik atmosfer yaratmağı da aid etmək olar). Qeyd edim ki, Yeni Zelandiyada bir çox milli parklarda ocaq qalamaq rəsmən qadağandır. Bəzi ərazilərdə ocaq qalamağa icazə var və bu barədə internetdən məlumat almaq mümkündür. Artıq müəyyən etmişdik ki, Urchin campda ocaq qalamaq olar və nəyin bahasına olursa olsun, bunu etməyi planlaşdırırdıq. Ancaq, təəssüf ki, bu planımız heç də asan başa gəlmədi. Hava rütubətli olduğundan quru odun tapmaq xeyli çətin idi. Bütün dədə-baba qaydalarını işə salaraq təxminən 1 saatlıq əziyyətdən sonra planımızı həyata keçirdik.
Ocaq kənarında bir müddət söhbət edib, yemək yedikdən sonra yatmağa getdik. Qeyd edim ki, şəxsən mənim üçün həmin gecə Yeni Zelandiyada keçirdiyim ən narahat gecə oldu. Hava soyuq idi və gecə yağış yağırdığından çadırımızın içində nəmişliyi hiss etmək olurdu. Buna baxmayaraq, səhər gözəl əhval-ruhiyyə ilə durub növbəti hədəfə doğru yola çıxdıq. Planımız əvvəlcə Tonqariro dağına qalxmaq idi. Tonqariro dağının bəzi hissələri turistlər üçün qapalıdır. Buna səbəb ərazidə hələ də aktiv vulkanların olmasıdır. Süxurların formasından və rənglərindən burada vulkanik prosseslərin getdiyini açıq-aşkar görmək mümkündür. Onu da qeyd edim ki, The Lord of the Rings filminin ən qorxulu məkanı sayılan Mordorda baş verən hadisələrin böyük əksəriyyəti məhz Tonqariro dağında çəkilib. Bu dağda olan vulkanik qaya formasiyaları Mordoru təsvir etmək üçün ideal variantdır.
Yuxarıdakı şəkildən də göründüyü kimi, bu səyahət əslində çox da çətin olmamalı idi. Gediş-dönüş təxminən 20 kilometr uzunluğunda bir gəzintidir. Əvvəl hər şey yaxşı başlamışdı. Hava yaxşı idi və dağın meylliliyi çox deyildi. Ancaq bir müddət sonra qarşımıza çıxan xəbərdarlıq qabaqdakı yolun o qədər də asan olmayacağına işarə edirdi.
Qeyd olunurdu ki, müvafiq paltar və ləvazimatınız yoxdursa geri qayıdın. Təbii, həm ləvazimatımız olduğundan, həm də dağa qalxmaq həvəsinin çox yüksək olmasından dolayı bu xəbərdarlığa məhəl qoymadıq.
Ancaq üzü yuxarı qalxdıqda çətinlikləri hiss etməyə başlayırdır. Hava şəraiti səyahətin bu hissəsini gözlədiyimizdən xeyli çətin etdi. Yola çıxdıqdan təxminən 1 saat sonra meyllilik kəskin artmağa başladı. Artıq demək olar ki, vertikal irəliləyirdik.
Çox möhkəm külək əsirdi. Küləyin gücünün və yaşadığımız digər çətinliklərin şahidi olmaq istəyənlər bu videoya baxa bilərlər (HD formatında baxmaq məsləhətdir).
Yorğunluq, dağın meylliliyi və güclü küləyin yaratdığı çətinliklər ucbatından vulkanın kraterinə çatmağımız təxminən 3 saat vaxtımızı aldı.
Ancaq dağın yuxarısındakı mənzərəni gördükdə əmin olduq ki, bu əziyyətə dəyərdi. Biraz daha irəlilədikdən sonra Emerald Lakes(Zümrüd göllər) adı ilə tanınan gölləri görmək mümkündür. Şəkillərdən göründüyü kimi, mənzərə sadəcə möhtəşəm idi.
Zirvəni fəth edib avtoparka geri qayıtdıqdan sonra növbəti dayanacaq Yeni Zelandiyanın paytaxı Wellington şəhəri idi…