Rəşad Həsənovun veb səhifəsi

Dövlətin virusla mübarizəsi barədə

İndiyədək hökumətin virusa qarşı atdığı addımları ümumilikdə qənaətbəxş saymaq olar. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah kifayət qədər əhəmiyyətli, taleyüklü addımlar atıb. Bəlkə də elə bunun nəticəsidir ki, indiyə kimi virus ölkəmizdə çox yayılmayıb (ümid edirəm ki, bu həqiqətən də belədir) və bu bizə çox qiymətli vaxt qazanmağa kömək edib. Ancaq NK-nın atdığı bəzi addımlarda müəyyən natamamlıq hiss olunur. Elə bil hansısa sərt qərarı verərkən sona qədər gedilməyib. Bu baxımdan üç məsələni vurğulamaq istəyirəm.

Sərhədlərin gec bağlanması

Virusun İranda tüğyan etdiyi bir dövrdə Azərbaycanın İranla sərhəddi açıq idi. Təsadüfi deyil ki, virusa yoluxan ilk həmyerlilərimiz virusu məhz cənub qonşularımızdan “idxal etmişdi”. Vəziyyət kifayət qədər gərginləşdikdən və biraz da ictimai basqı artdıqdan sonra sərhəd bağlandı. Eləcə də, digər qonşu dövlətlərlə sərhədlərin bağlanması və ya sərhəd keçidlərinin məhdudlaşdırılmasının biraz ləngidiyini hesab edirəm.

Novruz bayramında Bakıya giriş qadağası

Anladığım qədər, bayram günlərində Bakı qeydiyyatlı şəxslərin rayonlara getməsinə məhdudiyyət qoyulmasa da, rayonlardan Bakı və Abşeron yarmadasına giriş qadağan edildi. Məqsəd virusun yayılmasının qarşısının alınması idisə bu qadağa niyə ikitərəfli qaydada qoyulmadı? Axı Bakıda yaşayan, qeydiyyatda olan, özləri isə əslən rayonlardan olan yüz minlərlə insan var. Təbii ki, bir çoxu bayramlarda rayona gedəcəkdi. Bu isə arzuolunan hal deyil. Dediyim kimi, təqdirəlayiq addım olsa da, burda da müəyyən natamamlıq hiss olunurdu. Ən azından, məntiqi anlamadım.

Kafe-restoranların və digər ictimai iaşə obyektlərinin fəaliyyəti

Əvvəl qayda qoyuldu ki, ictimai iaşə obyektləri saat 9-a qədər fəaliyyət göstərəcək. Sonra bu qadağa biraz da sərtləşdirildi və obyektlərin saat 3-ə qədər işləməyinə icazə verildi. Məntiq yenə də tam anlaşılmır. Arqument qoyula bilər ki, həmin obyektlərin sahibləri və orada işləyənlər pul qazansın deyə, məhdudlaşdırma kifayət edə bilər. Ancaq zənnimcə, səhərigün virus yayılmış olsa, həmin şəxslər çox daha ağır maddi sınaqdan keçməli ola bilər. Əslində sınaq artıq başlayıb. Bu barədə bir qədər ətraflı…

Dövlətin maddi dəstəyi haqqında

Koronavirusla mübarizə məqsədilə 1 milyard manat ayrılması çox gözəl qərar idi. Digər tərəfdən, demək olar ki, bütün dövlət qurumlarında çalışanların əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi də çox düzgün addım idi. İndiki şəraitdə bu iki qərar virusun həm sağlamlıq, həm də iqtisadi təsirlərini xeyli yumşalda bilər. Lakin, zənnimcə, nə qədər iri səslənsə də, bu rəqəm belə virusun iqtisadi effektlərinin qarşısını tam almaq üçün yetməyə bilər. Xüsusilə də, ölkədə bütün iş yerləri müvəqqəti bağlanarsa, evdən giriş-çıxışa qadağalar qoyularsa (digər ölkələrdə olduğu kimi), bu bəla ölkədə olan qeyri-bərabərliyi biraz da dərinləşdirə bilər. Belə ki, xidmət və pərakəndə satış sahələrində xeyli sayda insan çalışır. Ölkədə fövqəladə vəziyyə elan ediləsi olsa, yüz minlərlə insan maaşsız qala bilər.

Hətta fövqəladə vəziyyət elan edilməsə belə, indiki şəraitdə bu şəxslərin artıq maddi problemlərlə üzləşdiyini anlamaq çətin deyil. Restoranlarda işləyən aşpazlar, qabyuyanlar, musiqiçilər, gözəllik salonlarında işləyən ustalar, taksi sürücüləri, tur bələdçiləri, turistləri evlərində qonaqlayan kəndlilər və yüz minlərlə digər insan virusun yaratdığı iqtisadi problemləri birbaşa hiss edirlər. Ona görə də, dövlət əhalinin bu qismi üçün birdəfəlik maddi yardım edilməsini nəzərdə saxlanılmalıdır.

Problem ondadır ki, dövlət onlara yardımı hər hansı bir vergi hesabatı əsasında edə bilər. Yəni, dövriyyəyə baxıb, onun əsasında kömək edə bilər. Ən pisi də budur ki, bu insanların böyük qismi qeyri-rəsmi işləyir. Başqa sözlə, qeyri-rəsmi tur bələdçisi işləyən və bunun hesabına ailə dolandıran birinin dövlətdən hansı əsasda yardım istəyəcəyi sual doğurur. Bu baxımdan, yardım qeyd-şərtsiz ola bilər. Yəni, bir qrup əhalini istisna etməklə, hamıya birdəfəlik maddi yardım edilə bilər. Bu, məsələni administrativ cəhətdən xeyli asanlaşdıracaq.

Məsələn, nəzərə alsaq ki, dövlət işçiləri əməkhaqqı saxlanılmaqla 1 aylıq məzuniyyətə çıxarılır, Azərbaycanda bu birdəfəlik yardım ilk vaxtlar onlara şamil edilməyə bilər. Aylıq gəliri müəyyən məbləğdən yuxarı olan şəxsləri də birdəfəlik yardımdan istisna etmək olar. Tutalım, birinin aylıq maaşı 3000 manatdırsa, çox güman ki, 1 ay maaşsız qalsa acından ölməz. Bu baxımdan, bu proqram işsiz və ya çox aşağı maaşı olan insanları hədəf ala, ailə başı 300-500 manat civarında birdəfəlik yardım nəzərdə tuta bilər. Təbii ki, bu dövlət üçün asan olmayacaq. Həm maddi, həm də administrativ baxımdan. Ancaq, əhalinin rifahı üçün çox düzgün addım olardı.

Belə yardımlar iqtisadi böhranlar zamanı istifadə edilib. Məsələn, 2007-09-cu illərin maliyyə böhranı zamanı, Buş Administrasiyası istehlakı stimullaşdırmaq, iqtisadiyyatı canlandırmaq üçün əhaliyə birdəfəlik birbaşa maddi yardım etdi. Bu yardım adambaşı 300-600 dollar arası idi. Düzdür, bu proqramın effekti barədə müxtəlif fikirlər olsa da, bəzi iqtisadçılar proqramın qısa müddətli dövrdə tələbə müsbət təsir etdiyi (başqa sözlə, iqtisadiyyatı az da olsa canlandırdığı) qənaətinə gəlir. Elə Tramp administrasiyası da hazırda hər bir amerikan vətəndaşına 1000 dollar civarında birdəfəlik yardım etməyi planlaşdırır.

Krizis zamanı dövlətin əsas rolu iqtisadiyyatda aktivliyi artırmaq, insanları pul xərcləməyə həvəsləndirmək olmalıdır. Heç bir vergi güzəşti insanlara ciblərində olan pul qədər stimul verə bilməz. Ələxsus da, əhalinin kasıb təbəqəsinə yardım etmək hədəfdirsə, nəğd pul ən yaxşı vasitədir. Necə deyərlər, cash is king (nəğd pul kraldır).

PS Bu məsələnin asan olmayan icra tərəfi var: Proqramı maliyyələşdirməyə pul hardan tapılır? Bu yardım istehlakı stimullaşdıra biləcəkmi? Ancaq bütün bunlar indiki iqtisadi şokun qarşılığında ikinci dərəcəli suallardır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on March 22, 2020 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: