Əminəm ki, çoxları bu səhifəni məhz başlığına görə açacaqlar: Həqiqətən kimə rüşvət verməli?
Təəssüf ki, xaricdə təhsil almaq üçün Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə qəbul olunmuş müvafiq Dövlət Proqramından qeyri-qanuni yolla yararlanmaq istəyənlər hələ də az deyil və bu yazının başlığı belə adamlarda maraq oyada bilər. Əslində isə…
Avstraliyada təhsil almağa gələn gündən bu günədək xaricdə təhsilə dair mesajlar, emaillər alıram. Xaricdə oxumaq arzusunda olan gənclər bu proqramdan yararlandığımız üçün mənə və mənim kimi digər təqaüdçülərə müraciət edir və sənədvermə prosessinin müxtəlif mərhələləri ilə bağlı suallar ünvanlayırlar: “Hansı sənədlər lazımdı?”, “Qəbul olmaq şansı varmı?”, “Nə qədər rüşvət verdin?” və s. (yəqin ki, digər təqaüdçülər də oxşar suallarla üzləşir). Fikirləşdim ki, bu sahədə olan təcrübəmi qısaca da olsa oxucularla bölüşüm. Yazıya başlamazdan öncə onu da vurğulayım ki, mən Xaricdə Təhsil üzrə Dövlət Proqramında iki dəfə iştirakçı olmuşam. Ona görə, suallara cavab verməklə yanaşı, təqaüd üçün ərizə verdiyim 2008 və 2014-cü illər arasında müqayisələr aparmaq imkanım da var.
Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini bitirdikdən sonra 2008-ci ildə hərbi xidmətdə idim. TOEFL nəticəm hazır olduğundan, məzuniyyət günlərimin birində Qlazqo Universitetinə sənəd verdim və tezliklə magistratura təhsili üçün qəbul xəbəri aldım. Təbii ki, maliyyələşmə üçün ümidim yalnız Dövlət Proqramına idi. Açığı, sənəd vermə prossesi çox da asan olmadı. Təhsil Nazirliyinin qapısından Xaricdə Təhsil şöbəsinə gedib çıxınca üzləşdiyim bürokratik maneələri indi də təəssüflə xatırlayıram. O vaxt sənədləşmə də elektron deyildi. Bəzi ərizələri əl ilə doldururdun, çap edirirdin, surət çıxartdırırdın və s. və i.a.
Sənədvermə prosessindən sonra müsahibəyə dəvət olundum. Təhsil Nazirliyinin köməyi ilə hərbi xidmətdə olduğum hərbi hissədən müsahibə üçün icazə alındı. Təhsil Nazirinin o vaxtkı müavini Elmar Qasımıv bizimlə qısa söhbət elədi. Təbii ki, Elmar müəllim hər sahənin eksperti olmadığından söhbət əsnasında ümumi dünyagörüşümüzü və Azərbaycan haqqında biliklərimizi yoxladı. Müsahibədən bir neçə həftə sonra xoş xəbər aldım və 2009-cu ilin sentyabr ayında Qlazqo Universitetinde magistratura təshilimə başladım.
Həmin ilki təqaüd təcrübəmlə bağlı çox müsbət təəssüratarım var. Prossesdə nə qədər bürokratik əngəllər olsa belə, əmin olduğum və məni sevindirən bir məqamı unuda bilmirəm: orta statistik azərbaycanlı ailəsindən olan gənc öz biliyi, savadı müqabilində heç kimə ağız açmadan, heç bir rüşvət ödəmədən xaricdə dövlət hesabına təhsil ala bilər.
2014-cü ildə Doktorantura təhsilimin 3-cü ilində Təhsil Nazirliyinin təqaüdünə yenidən müraciət etdim (ilk iki il təhsil aldığım Deakin Universiteti tərəfindən ödənilirdi). İllərin öz işini görməsi ilə, ya Nazirin dəyişməsi ilə, ya da Xaricdə Təhsil şöbəsinin daha müasir və geniş imkanlara malik avadanlıqla təchizatı ilə bağlıydı, deyə bilmərəm, amma onu deyə bilərəm ki, fərq 2008-ci ildən kifayət qədər böyük idi. Müsbət mənada, təbii ki…
Əvvəla, sənəd qəbulu prossesi onlayn təşkil edilmişdi. Təsəvvür edin, mən Avstraliyada otura-otura 2-3 gün ərzində Təhsil Nazirliyinin saytında qeyd olunan sənədləri yığıb ərizə ilə müraciət etdim. Ərizəm qəbul olunduqdan sonra prossesin gedişatını onlayn izləmək üçün Dövlət Proqramının veb-səhifəsindən yararlandım. Bir müddət keçdikdən sonra məni müsahibəyə dəvət etdilər. Təbii ki, Avstraliyada olduğumdan müsahibədə iştirak etmək üçün Bakıya gəlmək asan deyildi, daha doğrusu, bu səfər xeyli əlavə vəsait tələb edirdi. Bu barədə narahatlığımı Nazirliyin əməkdaşlarına bildirdim və onlar bu məsələdə mənə yardım edəcəklərini dedilər. Beləliklə, bir neçə gün sonra SKAYP vasitəsilə onlayn müsahibə təşkil etdilər.
Onlayn müsahibədə məni sevindirən daha bir məqamı qeyd etmək yerinə düşər. Bu dəfə mənə ümumi dünyagörüşüm barədə suallar vermədilər. Təhsil aldığım ixtisas üzrə çox səlis, konkret və düzgün suallar ünvanlayan ekspertlərlə söhbət etdim. Suallar, həqiqətən də, çox yerində idi. Görünür, müsahibə üçün bu sahəni bilən hazırlıqlı mütəxəssilər seçmişdilər. Uzun sözün qısası, müsahibədən də uğurla keçdim.
6 il ərzində gördüyüm fərq böyük idi: istər sənəd qəbulu prossesi, istərsə də, müsahibənin təşkili çox professional təşkil edilmişdi.
Bütün bunları deməkdə məqsədim nədir?
Mən Dövlət Proqramına ilk dəfə sənəd verməmişdən öncə (2008) “əşşi, tapşırıqsız, adamsız pul verən deyillər” deyən çox adamla rastlaşmışdım. Təəssüf ki, bu günə qədər də orda-burda bu işlərin yalnız rüşvətlə həll olunduğunu deyənlər var. Ola bilər kimsə, nə vaxtsa, kiməsə rüşvət verib. Meşə çaqqalsız olmaz, deyiblər. Ona görə hamının adından danışa bilmərəm. Ancaq, məncə, özümün, Dövlət Proqramının qalibləri olmuş yaxınlarımın, onlarla tələbə yoldaşım və dostumun adından danışmağa haqqım çatır.
Əziz xaricdə təhsil almaq istəyən dostlar, sənədləriniz yerində olsa, bütün tələblərə cavab versəniz heç kim sizin yolunuzu kəsən deyil. Ola bilər kiminsə sənədi yerində olmayıb deyə alternativ yollar axtarıb. Ancaq mənim və yaxınlarımın təcrübəsi göstərir ki, siz tərəfdən hər şey normaldırsa, sizə ancaq kömək etməyə çalışacaqlar. Hesab edirəm ki, xaricdə təhsil hər bir gəncin həyatında mühüm rol oynayır. İstər elm əldə etmək, istərsə də, yeni mədəniyyətlə tanış olmaq, yeni dostlar qazanmaq, dilini, dünyagörüşünü inkişaf etdirmək baxımından müstəsna əhəmiyyət daşıyır. Yaxınlarınızdan, qohumlarınızdan oxumaq həvəsində olan kim varsa, onları ruhlandırın, inandırın ki, rüşvətsiz təhsil mümkündür. Hər şey insanın öz əlindədir. Yetər ki, istəyin olsun…
P.S. Bu yazını yazmaqda heç bir maddi və mənəvi umacağım yoxdur. Bu qeydləri uzaqda – Melburnda yaşayan bir həmvətəninizin Azərbaycana sadəcə çoxdan yığılıb qalan təşəkkürünün ifadəsi kimi qəbul edin…
20.02.2015
Melburn
Tələblərə cavab verməyənlərin də DP ilə getdiyi barədə faktlar var. Bunu da etiraf etmək lazımdır. Müsahibə mərhələsi 2013-14-cü illərədə qədər daha asan və ümumi xarakter daşıyırdı.