İndiyədək olan maliyyə böhranlarında həm Mərkəzi Bankların, həm də digər iqtisadi qurumların əllərində kifayət qədər güclü alətlər olub. Faiz dərəcələrinin aşağı salınması, bazarda likvidliyin təmin edilməsi, fiskal genişlənmə- yəni vergilərin azaldılması və hökumət xərclərinin artırılması kimi vasitələr dövlətlərə krizislərlə mübarizədə hədsiz çox kömək edib. Qlobal Maliyyə Böhranının nisbətən tez başa çatmasının əsas səbəblərindən biri kimi, məhz dövlətlərin aqressiv monetar və fiskal siyasəti göstərilir.
Koranavirusun yaratdığı iqtisadi durğunluq isə bu baxımından daha fərqli görünür. Əslində, hər şey bildiyimiz ssenari ilə başlamışdı: virusa görə qlobal tələb azalır, istehlak və investisiya aşağı düşür. Ölkə daxilində tələbi artırmağa can atan Mərkəzi Banklar bunun üçün etməli olduqlarını edirlər- faiz dərəcələrini salır, maliyyə bazarlarına likvidlik vəd edirlər. Maliyyə Nazirlikləri isə fiskal genişlənmə söz verir. Bir sözlə, hər şey klassik iqtisadi siyasət ssenarisi üzrə gedir. Lakin fərqli olan odur ki, bazarlar bu siyasətlərə, xüsusil də monetar siyasətə gözlənilən reaksiyanı vermir. Amerikanın Mərkəzi Bankı Fed faiz dərəcələrini demək olar ki, sıfıra endirdi. Eləcə də, Avropa Mərkəzi Bankı monetar genişlənmə yerinə yetirir.
İlkin reaksiya müsbət olsa da, bazarlar növbəti gün yenə üzü aşağı getməyə başladı. Digər tərəfdən, virusun iqtisadi fəsadlarının böyüdüyü ərəfədə ABŞ da daxil omaqla, bir çox dövlət fiskal genişlənmədən danışmağa başladı. Bura müxtəlif vergi güzəştləri, dövlət xərclərinin artırılması daxil idi. Yenə də bazarların reaksiyası müsbət olmadı.
Səbəb sadədir- indiki mərhələ heç bir iqtisadi alət insanlar arasında hökm sürən qeyri-müəyyənliyi ləğv edə bilməz. Qlobal Maliyyə Böhranı zamanı iqtisadi alətlərlə problemin kökünə getmək, onu həll etmək mümkün idi. Məsələn, konkret likvidlik problemi olan maliyyə qurumları, onları problemli aktivlərinin həcmi bəlli idi. Dövlətin və Mərkəzi Bankların apardığı iqtisadi siyasət problemin kökünə gedə bilirdi. İndiki halda isə, heç bir iqtisadi siyasət insanları küçələrə çıxıb pul xərcləməyə, ev/maşın almağa, başqa sözlə, istehlakı bərpa etməyə kömək edə bilməz. Eləcə də, hər nə qədər pozitiv addım olsa da, vergi güzəştləri ölkədə biznes investisiyasını əvvəlki həddə çatdıra bilməz. Başqa sözlə, bu dəfəki durğunluq zamanı əsas həll yolu iqtisadçıların deyil, tibb işçilərinin əlindədir. Effektiv müəlicə üsulu və ya preventiv vaksin tapılmasa, iqtisadçıların edəcəyi heç bir tədbir iqtisadiyyatı əvvəlki vəziyyətinə gətirə bilməyəcək.
Bu baxımdan koranavirusun yaratdığı iqtisadi durğunluq və ondan sonrakı mərhələ fərqli olacaq. İndiki şəraitdə iqtisadi siyasətin əsas rolu ziyan görən sektorlara kömək etməklə yanaşı, sonrakı- durğunluq sonrası genişlənmə mərhələsinə hazırlıq olmalıdır. Bu işlərə əhaliyə birbaşa birdəfəlik maliyyə yardımının edilməsi, çökmüş sektorlara (məsələn, turizm) əhəmiyyətli dərəcədə vergi güzəştlərinin verilməsi, kredit ödənişlərinin gecikdirilməsi və digər bunun kimi dəstəkverici tədbirlər daxildir. Digər tərəfdən, dövlət hər bir ciddi xəstənin müalicə və müayinə xərclərini tamamilə öz üzərinə götürməlidir. Bir sözlə, iqtisadi siyasət problemin kökünə gedə bilməsə belə, iqtisadi subyektlərin mövcud şəraitdə öz maksimumlarına çatmağına şərait yaratmalıdır. Bu baxımdan uğurlu dizayn olunmuş fiskal siyasətin üzərinə çox ciddi bir yük düşür. Bir çox dövlət bu sahədə artıq real işlər görüb. Ümid edirəm ki, Azərbaycanda da tezliklə müvafiq addımlar atılacaq və bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.