Rəşad Həsənovun veb səhifəsi

Kiçik adanın böyük problemləri

Aprel ayında işlə əlaqədar 3 həftəyə yaxın Solomon adalarında oldum. Bu müddət ərzində ölkə haqda öyrənmək, insanlar haqda müşahidələr etmək imkanım oldu. Bu müşahidələri qısa olaraq bu yazıda bölüşməyə çalışacam.

Solomon adaları Sakit okeanda Papua Yeni Qvineyanın şərqində yerləşən ada dövlətdir. Əhalisi təxminən 650 min nəfərdir. Cəmi 6 iri adası olsa da, minə yaxın kiçik adaları da var. Bu adalar okeanda 28 min kvadrat metr boyunca səpələnib. Adaların çoxunda insan yaşamır. Bəzi adalarda isə cəmi 50-100 nəfər yaşayır. Ona görə də, əsas adaları çıxmaq şərtilə, demək olar ki, bir çox kənar adalarda eletrik, internet və digər xidmətlər yoxdur. Adaların bir-birindən çox aralıda yerləşməsi və bir çoxunda əhalinin az olması, bu xidmətlərin göstərilməsini Solomon adaları kimi kasıb ölkə üçün iqtisadi cəhətdən qeyri-səmərəli edir. Təsəvvür edin, 50 nəfərlik ada üçün okean boyunca yüzlərlə kilometr uzunluğunda kabellər çəkilir…

Maraqlısı odur ki, uzaq adalarda yaşayan insanlar istər ciddi həkim müayinəsi, istərsə də təhsil məqsədilə bəzən əsas adaya- Guadalcanala üz tutmalı olurlar. Bu isə çox çətin və uzun bir səfər olur. Təsəvvür edin, bəzi adalardan paytaxta ayda bir dəfə gəmi gedir. Həmin gəmilər isə, adətən, zamanı keçmiş, çox acınacaqlı vəziyyətdə olur. Bir çoxu okean sularında qəzaya uğrayır, karqo məhsulları məhv olur.

Ölkənin bu formada səpələnməsi Sakit okeanda yerləşən digər ada dövlətlər üçün də keçərlidir. Məhz bu səbəbdən mərkəzi adalarla kənar adalar arasında iqtisadi və sosial göstəricilərdə çox böyük fərqlər olur.

Bir balaca da ölkə tarixi haqda. Ölkəyə ilk avropalılar 16-cı əsrdə gəlməyə başlayıblar. Ölkə 1978-ci ilədək Britaniya imperiyasının tərkibində olub və sonra azad olub. Solomon adaları İkinci Dünya müharibəsi zamanı Sakit okeanda baş verən bir neçə qanlı döyüşə “ev sahibliyi” edib. 1942-ci ildə Guadalcanal adasında Amerika və Yapon orduları arasında baş vermiş döyüşlərin izlərini bugün də paytaxt Honiara ətrafında görmək olar. Buna müharibə muzeylərinə üz tutmaqla və ya sadəcə sahillərdən bəzilərinə gedib gəmi qalıqlarına baxmaqla şahidlik etmək olar.

Ölkənin müasir tarixini formalaşdıran əsas hadisələrdən biri son 20 ildə baş verib. 1998-2003-cü illər arasımda ölkədə ciddi vətəndaş müharibəsi olub. Münaqişə etnik zəmində baş verib. Belə ki, 1997-98-ci il Asiya böhranından sonra Solomon adalarına donor yardımları da azalmağa başladı. Nəticədə, ölkənin onsuz da acınacaqlı olan iqtisadi-sosial şəraiti biraz da pisləşməyə başladı. Ölkədə iş yerlərinin olduğu yeganə ada- paytaxt Honiaranın yerləşdiyi Guadalcanal adasına digər adalardan, xüsusən də, qonşu Malaita adasından xeyli gənc axın etməyə başladı. İqtisadi çətinliklər, məhdud iş yerləri və iqtisadi imkanlar üzərində rəqabət etnik cəhətdən fərqlənən bu iki ada sakinləri arasında münasibəti korlamağa başladı. Beləliklə, “yerlilər gəlmələrə qarşı” vəziyyəti yarandı.

1999-cu ildə artıq 50-dən çox adam həlak olmuşdu. 20 mindən çox Malaitalı paytaxt Honiaradan qovulmuşdu. Tezliklə bu lokal münaqişə ciddi silahlı qruplaşmalar arasında baş verən vətəndaş müharibəsinə çevrildi. Münaqişə nə az, nə çox, düz 5 il davam etdi. Prosess baş nazir istefası, yüzlərlə insanın qətli, kənd və şəhərlərin viran olması ilə müşaiyət olundu.

Maraqlısı odur ki, münaqişə heç də özü-özünə həll olunmadı. Avstraliya başda olmaqla, 2003-cü ildə regional yardım missiyası paytaxt Honiaraya gəldi. Missiya qısa olaraq RAMSİ adlanırdı (Regional Assistance Mission to Solomon İslands). Missiyanın tərkib hissəsi kimi, Avstraliya, Yeni Zelandiya, Fici, Vanuatu və regionun digər dövlətləri Solomon adalarına 2200 nəfər polis və hərbi qulluqçu göndərdi. Bundan başqa, yardım missiyasının tərkibinə dövlət qulluqçuları, hakimlər və digər texniki heyət də cəlb olunmuşdu. Bunun əsas səbəbi, silahlı münaqişənin bitməsindən sonra, ölkənin institutlarının yenidən qurulmasına yardım etmək idi.

Beləliklə, RAMSİ uğurlu olur. Silahlı qruplaşmalara vaxt verilir ki, silahlarını təhvil versinlər. Bundan sonra isə silahlar xalqın gözü qarşısında, Avstraliyanın o vaxtkı baş nazirinin iştirakı ilə yandırılır.

RAMSİ münaqişə bitdikdən bir neçə il sonra yavaş-yavaş ölkədən çıxmağa başlayır. Maraqlı bir fakt: təkcə Avstraliya hökuməti bu missiyaya 3 milyard dollara yaxın pul xərcləyib. Günü bugün də, paytaxt Honiarada avstraliyalı polisləri və dövlət qulluqçularını görmək olar. Missiya zamanı ölkəyə gələn yüzlərlə xarici vətəndaş müddət bitdikdən sonra Honiarada qalmaq qərarı aldı.

Başqa maraqlı fakt. Honiarada ev qiymətləri, o cümlədən xarici vətəndaşlar üçün kirayə ev qiymətləri ölkənin yaşayış standartlarına baxdıqda həddən artıq yüksəkdir. Məsələn, dostumun qaldığı 3 otaqlı həyət evinin aylıq kirayəsi təxminən 3000 Amerika dollarıdır! Bunun isə çox sadə səbəbi var. Demək, RAMSİ Solomon adalarına gələndə, Avstraliya hökuməti missiyaya gedən hər vətəndaşına yaxşı maaş verməkdən əlavə, kirayə üçün aylıq pul ayırmışdı. Aylıq limit nə qədər olsa yaxşıdı? Bəli, təxminən 3000 Amerika dolları! Bunu bilən yerlilər bütün ev qiymətlərini 3000 dollar civarında saxlamağa çalışdılar. Günü bugün də bu ənənə qalır- Honiarada ya çox ucuz və dağınıq evlər var (yerlilər üçün), ya da təxminən 3000 dollar civarında nisbətən şəraitli evlər…

RAMSİ missiyası haqda sənədli filmə bu linkdən baxmaq olar. Mən həvəslə baxdım, sizə də məsləhət görərdim. İnformativ və maraqlı çəkilib. Maraqlıdır ki, filmin adı “Helpem Fren”-dir. Yəqin başa düşdünüz, bu yerli pijin dilində “dosta kömək” deməkdir (ingiliscə helping friend).

Dil demişkən, Solomonluların çoxu ingiliscə pis-yaxşı danışa bilir. Ölkə Britaniya krallığının keçmiş üzvlərindən (Commonwealth) olduğundan ən azından paytaxt Honiarada çox adam ingiliscə bilir. Bundan başqa, ölkədə yüzlərlə yerli dillər və şivələr var. Sakit Okean ada dövlətlərinin çoxunda olduğu kimi. Ölkənin əsas dili- pijin dilini də “sınıq ingilis” dili adlandırmaq olar. Məsələn, “çox sağol” demək istəsən tanggio tumas deməlisən (ingiliscə olan “thank you too much”-a çox oxşayır…).

İqtisadi vəziyyət heç də ürəkaçan deyil. Solomon adalarının paytaxtında belə gəzərkən ölkənin klassik “üçüncü dünya ölkəsi” kateqoriyasında olmasını asanlıqla sezmək olur. Yoxsulluq yüksək səviyyədədir. İnfrastruktur bir çox yerlərdə ya yoxdur, ya da bərbad vəziyyətdədir.

Çoxuşaqlı ailələrin çoxalması nəticəsində gənclərin payı getdikcə çoxalır. İqtisadi imkanların zəif olduğu bir cəmiyyətdə bu nə qədər yaxşı bir şey olsa da (gənclər enerji deməkdir, potensial işçi deməkdir), bir o qədər də riskli bir faktordur (düzgün yönəldilmədikdə gənclər həm də potensial cinayətkar deməkdir). Ancaq, ümumən, ölkə nisbətən təhlükəsizdir. Ən azından qonşu Papua Yeni Qvineyaya baxanda, xeyli təhlükəsizdir. Ən azıdan axşam paytaxda küçədə rahat gəzə bilirsən. Təbii ki, başına iş açmaq istəyən adam bunu Nyu-Yorkda da edə bilər, Melburnda da.

Ölkənin ən böyük gəlir mənbəyi meşə təsərrüfatından gəlir. Demək olar ki, ixracın 70 faizi odun ixracının payına düşür. Bu isə o deməkdir ki, ölkənin təbii sərvəti olan meşələr sürətlə qırılır. Bir faktı qeyd etmək yerinə düşər ki, meşələrin tam yoxa çıxmamasına hesablanmış icazə verilən illik limit 250 min kub metr olsa da, 2018-ci ildə kəsilən odunların həcmi 2.8 milyon kub metr olub- yəni limitdən 11 dəfə çox. Meşələrin kəsilməsi bu templə davam etsə, 2040-cı ilədək ölkənin əsas meşə örtüyü yox olacaq.

Təəssüf ki, bir çox təbii resurs ixrac edən ölkələr kimi, bu pullar heç də ölkədə yeni iş yerlərinin açılmasına, insan resurslarının artırılmasına deyil, bir çox məmurların cibinə getdi. Meşələrin icazə veriləndən daha sürətlə qırılmasının əsas səbəbi də zəif institutlar, ictimai nəzarət və sistemik korrupsiyadır. Ölkə, həmçinin siyasi cəhətdən çox qeyri-stabildir. Son bir neçə seçkidə seçilmiş heç bir hökumət müddətin sonuna qədər qala bilməyib- yarımçıq istefa verməli olub.

Məsələnin pis tərəfi odur ki, əgər hökumət günü bugün meşələri qorumaq naminə ağac kəsilməyini azaltmaq istəsə, onda da başqa problemlə üzləşəcək- ölkənin gəlirləri külli miqdarda aşağı düşəcək və çox güman ki, ciddi iqtisadi böhranla üzləşəcək. Dünya Bankı və digər donor təşkilatlar hökumətlə bu keçidi nisbətən az itki ilə həyata keçirmək üzərində çalışır.

Rəsmi iş yerləri demək olar ki, ancaq paytaxt Honiarada var. Digər regionlarda isə əhalinin əsas gəlir mənbəyi dolanışığa yetən kənd təsərrüfatıdır (subsistence agriculture). Bir də, torpaq sahibləri iri meşə təsərrüfatı şirkətlərindən torpaq haqqı alırlar. Solomon adalarında torpaq üzərində hələ də ənənəvi mülkiyyət hüququ var. Belə ki, torpaq sahələri rəsmən qeydiyyatda deyil və atadan-oğula, ailədən-ailəyə keçir. Dövlət bu ənənəvi mülkiyyət hüququnu tanıyır və bunu qəbul edir. Odur ki, yuxarıda qeyd etdiyim iri odun şirkətləri meşələri kəsərkən torpaq sahibinlərinə haqq ödəyir.

Çox təəssüflər olsun ki, bu da ciddi problemlər yaradır. Əvvəla, bir çox hallarda əhaliyə verilən pul çox kiçik məbləğ olur. İmkansızlıqdan əziyyət çəkən insanlar isə, məbləğ nə olmasından asılı olmayaraq bu pulu götürür. İkincisi, bir çox “asan pul” kimi, bu ödəmələr də insanların tənbəlləşməsininə və pulun qeyri-effektiv xərclənməsinə gətirib çıxarır. Bir çox hallarda pulu alan ailə (və ya qəbilə) başçısı o pulu içkiyə və qumara xərcləyir və beləliklə, ailə təsərrüfatı bu puldan xeyir ala bilmir. Çox güclü patriarxal cəmiyyət olduğundan, qadınlar bir çox hallarda pulun bölüşdürülməsindən uzaq olur.

Digər maraqlı müşahidə Çinin regionda təsiri ilə bağlıdır. Okeaniyada ilk dəfə 2017-cı ildə Vanuatuya səfər edərkən olmuşdum və orda da Çinin çox güclü təsirini müşahidə etmişdim. Eyni vəziyyət Honiarada da hiss olunurdu. Ölkədə bir çox iri bizneslər, otellər çinlilərə məxsusdur. Bundan başqa, paytaxtda olan demək olar ki, bütün kiçik mağazalar həm çinlilərə məxsusdur, həm də çinli işçilər çalışır. Honiarada hətta Chinatown belə var!

Bütün bunlar Çinin Okeaniyada əsas söz sahibi olmaq siyasətinin bir tərkib hissəsidir. Hər il Çin hökuməti Solomon adaları da daxil olmaqla, region ölkələrinə on milyonlarla dollar yardım edir, ölkələrdə infrastruktur layihələri həyata keçirir və s. Təbii, regionda Çinin əsas rəqibi Avstraliya bundan narahatdır. Təsadüfi deyil ki, may ayında seçilən baş nazir Scott Morrisonun ilk xarici səfəri iyun ayında Solomon adalarına oldu. Baş nazir Solomon adalarına növbəti 10 il ərzində 250 milyon dollar dəyərində yardım edəcəyini açıqladı. Çin və Avstraliya arasında olan bu “qrant müharibəsinin” necə nəticələnəcəyi maraqlıdır.

Belə. Müşahidələrimin çoxunu bölüşdüm. Ümumilikdə, ölkədən, insanlarından xoşum gəldi. Bir çox ada dövlətlərində olduğu kimi, insanlar çox mehriban, gülərüz və zaman anlayışından uzaqdır. Burada da “ada vaxtı” işləyir. Adi bir misal: ölkənin Mərkəzi Bankı (!) bizə kiçik bir statistika göndərməli idi. “Bugün edəcəyik” dedilər və 2 həftədən sonra göndərdilər. Başqa bir misal. Mənim vizam martın sonu hazır olsa da, onu mənə emaillə aprelin 7-i göndərdilər…

Səyahətdən hazırladığım qısa videonu buradan izləmək olar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on June 17, 2019 by in Digər mövzular.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: