Son zamanlar qərb ölkələrində iş saatlarının azaldılması və ya iş saatlarında sərbəstliyin olması getdikcə geniş vüsət alır. İstər dövlət, istərsə də özəl sektorda insanlara işə tez başlayıb tez bitirmək, həftənin dörd gününü çox işləyib beşinci günü istirahət etmək və bunun kimi digər seçimlər verirlər.
Zənnimcə, bu tendensiya getdikcə daha geniş yayılacaq. Düzdür, məşhur ingilis iqtisadçısı Keynsin proqnozlaşdırdığı qədər olmasa da, qərbdə həftəlik iş saatlarının azalması müşahidə olunur. Qeyd edim ki, Keyns özünün 1930-cu ildəki essesində deyirdi ki, yüz il sonra insanlar günə üç saat (və ya həftəyə on beş saat) çalışmaqla ehtiyaclarını ödəyə biləcəklər…
Bəli, Keynsin proqnozlarından uzaq olsaq da, bəzi ölkələr bu sahədə çox irəli gediblər. Məsələn, bir neçə il bundan əvvəl İsveç altı saatlıq iş rejiminin pilot layihəsini həyata keçirdi. Avstraliyada isə, dövlət orqanlarında çalışan istənilən şəxs istədiyi gün (təbii ki, ofisdə görüşü və ya təqdimatı olduğu günlər istisnadır) heç bir səbəb göstərmədən evdən işləyə bilər. Sadəcə işçi kompyuteri yandırır, şəbəkəyə qoşulur və evindən işləyir.
Təəssüflər olsun ki, Azərbaycanda əksər hallarda iş rejimində sərbəstlik yoxdur. Bir çox iş yerlərində işçilər həftənin beş (bəzən də altı) günü işə səhər saat doqquzda gəlib axşam altıya qədər oturmalı (işinin az və ya çox olmasından asılı olmayaraq), nahar fasiləsini saaat birdən ikiyə qədər götürməlidir. Bir çox hallarda işə gecikməyə görə rəhbərliyə izahat yazmalıdır və s.
Mən intizamın tərəfdarıyam, bu öz yerində. Amma sual verirəm: bu kontekstdə bu səviyyədə intizama nə ehtiyac var? Niyə əgər işçi yaxşı çalışıb işini saat beşin yarısı bitirirsə evinə getməsin? Əvəzində də səhəri gün işi uzun çəksə saat yeddiyə qədər otursun işdə.
Niyə yox? Yəqin bir çoxlarınız “bizim ölkə üçün belə sərbəstlik hələ tezdi” deyəcəksiniz. Boş şeydi! İnanmıram bu arqumentə. İşinə məsuliyyətsiz yanaşan istənilən işçi bunu onsuz da bu və ya digər formada edir. Həmin işçiləri zorla saat doqquzdan altıya işdə saxlasan belə, işlərini görməyəcəklər. Yəni, dediyim odur ki, məsuliyyətsiz işçi iş saatlarından asılı olmayaraq məsuliyyətsizlik edə bilər. Bunun üçün iş saatlarının dəyişməsi lazım deyil.
Hesab edirəm ki, dövlət orqanları bu sahədə liderlik göstərə bilər. Bir anlıq beynəlxalq mətbuatda belə bir xəbər başlığını təsəvvürünüzə gətirin: “Azərbaycanda dövlət qulluğunda dörd günlük iş rejimi tətbiq olunur”. Və ya “Azərbaycanda dövlət sektorunda altı saatlıq iş rejimi tətbiq olunur”. Əjdaha səslənir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda dövlət qulluğunda təxminən 30 min adam çalışır. Dövlət bu sahədə liderlik edib, sərbəst iş rejiminin müxtəlif formalarını tətbiq etməklə özünü qlobal arenada innovasiya lideri kimi göstərə bilər, həm işçilərin ruh yüksəkliyinin artmasına şərait yaradar, həm daha yaxşı işçi qüvvəsini özünə cəlb edə bilər…və bütün bunlarla yanaşı görülən işin həcmində heç bir dəyişiklik olmaz!
Mən özüm Mərkəzi Bankda çalışmışam. Onalrla dostl-tanışım dövlət qulluğunda, dövlət şirkətlərində çalışıb/çalışır. Aralarında iş yükünün çoxluğundan şikayət edən heç birinə rast gəlməmişəm. Əminliklə deyə bilərəm ki, Azərbaycanda dövlət sektorunda görülən işlər dörd iş günündə görülə bilər (təbii ki, müəyyən istisna qurumlar və ya müəyyən istisna iş periodları ola bilər). Sadəcə şöbədə altı nəfər çalışırsa, onlardan üçü həftənin ilk dörd günü çalışır, digər üçü isə ikinci gündən beşinci günədək. Beləcə, həfətnin hər günü şöbədə azı üç nəfər işçi olur, həftənin üç günü isə bütün komanda bir yerdə olur. Bunun nəyi pisdi?
Əgər dörd iş gününə keçid çox radikal olduğu düşünülsə, onda daha yumşaq ilkin addımlar atmaq olar. Məsələn, elə yuxarıda qeyd etdiyim altı saatlıq iş rejimi. Və ya, heç olmasa işə başlayıb bitirmə saatlarında sərbəstlik tətbiq edilə bilər. Məsələn, səhər saat səkkizdə işə başlayıb saat beşdə işi bitirmək.
Yuxarıda sadalanan metodlar, həm də şəhərdə pik saatlarında tıxacların azalmasına gətirib çıxara bilər. Təsəvvür edin, otuz min dövlət qulluqçusundan üçdə biri işə səhər saat səkkizdə başlasa, bu, pik saatlarında yollarda on min adamın daha az olmasına gətirib çıxaracaq. Şöbədə işləyən altı nəfər günün yeddi saatını bir yerdə olacaq, yalnız bir saatında daha az adam olacaq. Bunun nəyi pisdi? Axı, niyə şöbədəki altı nəfərin altısı da, bütün səkkiz saatı ərzində bir yerdə olmalıdır?
İndiki iş rejimi onilliklərdir davam edən sosial normaların nəticəsidir. Əvvəllər manufaktura sahəsində çalışan fəhlələrin eyni saatda eyni yerdə işdə olması məntiqli idi- maşınları konveyer üsulu ilə yığanda bu labüd olur. Ancaq, artıq dünya dəyişib. İnternet var, kompyuterlər var və bir çox işçi işini daha tez görə bilər, daha məhsuldardır. Və ya, həmin işçi Nazirlikdə oturub görməli olduğu işi, evində də oturub edə bilər. Bunun üçün yola vaxt itirməyə, əlavə tıxac yaratmağa ehtiyac yoxdur. Axı, bunun nəyi pisdir?