Çoxdandır mənə təsir edən bir videonu öz dilimizə tərcümə etmək haqda düşünürdüm. Axır ki, alındı. Bu videonun və mətnin maraqlı tarixçəsi var. Tarixçə haqda danışmazdan əvvəl müəllif haqda bir-iki kəlmə…
Karl Saqan (Carl Sagan) amerikalı astronom olub. Bununla yanaşı, o, bir çox təbii elmlərin geniş xalq kütləsinə çatdırılmasında müstəsnə rol oynayıb. 600-dən çox elmi məqalənin və 20-dən çox kitabın müəllifi olmuş Karl onlarla əhəmiyyətli mükafata layiq görülmüşdür. İndi keçək mətləbə.
Voyager 1
1977-ci ildə NASA-nın kosmosa buraxdığı Voyager 1 gəmisinin əsas hədəfi Günəş sisteminin indiyədək aşkarlanmayan tərəflərini araşdırmaq idi. 40 ildən çoxdur kosmosda olan gəmi ilə hələ də əlaqə var.
Bununla yanaşı, Voyager 1 gəmisinin başqa bir romantik missiyası da var idi. Gəminin tərkibində özündə dünyanın 54 dilində salamlamanı, Yer kürəsinə məxsus səsləri (uşaq ağlaması, balina səsi və s.), muğam da daxil olmaqla, bəzi dünya xalqlarının musiqisini əks etdirən disk də var idi. Bu diskin ərsəyə gəlməsində yuxarıda adını çəkdiyim Karl Saqanın müstəsna rolu olmuşdur.
Solğun mavi nöqtə
1989-cu ildə Voyager 1 gəmisi özünün kəşfiyyat missiyasını başa vurur və NASA enerjiyə qənaət məqsədi ilə kameraların söndürülməsi qərarını verir. Amma Karl kameraların dönərək Yer kürəsinin son bir fotoşəkilini çəkməsi ideyasını irəli sürür.
Təbii, bu idea etirazla qarşılanır. Yerin bu qədər böyük bir məsafədən çəkiləcək keyfiyyətsiz görünüşünün heç bir elmi dəyər yox idi. Lakin Karl bu şəkildə daha böyük poetik dəyər görürdü. Uzun sürən müzakirələrdən sonra o, bu fotonun çəkilməsinə icazə ala bildi.
Ortaya bu şəkil çıxır:
Sonralar 6 milyard kilometrdən çəkilmiş bu şəkil “Solğun mavi nöqtə” kimi tanındı. Bəli, şəklin sağ orta tərəfində görünən 0.12 piksel ölçülü həmin solğun mavi nöqtə Yer kürəsidir. Karl Sagan sonrada eyniadlı kitab yazır. Bu kitab və Karl Saqanın öz dilindən səslənən bu 4 dəqiqəlik video bizi dünya haqda, həyatımız haqda yenidən düşünməyə çağırır… Bu “mavi solğun nöqtənin” şəklini çəkdirməkdə israr edərkən Karlın ağlında çox dərin bir fikir olub…
Buyurun, maestroya qulaq asın.
PS ingiliscə yaxşı başa düşməyənlər video üzərindəki CC düyməsini basıb azərbaycanca tərcümə ilə oxuya bilərlər.