Rəşad Həsənovun veb səhifəsi

Kriptovalyutanın dəyəri

Söz verdiyim kimi, asta-asta kriptovalyutalar haqda bildiklərimi (və təzəlikcə öyrəndiklərimi) qısa formada sizlərlə bölüşürəm. Bəli, insanların böyük əksəriyyəti kriptovalyuta sahəsində baş verən prosseslərə “köpük” kimi yanaşır. Amma zənnimcə, bazarda köpük elementləri olsa da, hətta bazar böhran keçirsə belə, kriptovalyuta texnologiyası bazarda hələ uzun illər hökm sürəcək. Odur ki, növbəti bir neçə yazıda bazar elementlərini sadə dil ilə izah etməyə çalışacağam.

Qayıdaq ən əvvələ…

Hər şey Bitkoin ilə başladı. 2009-cu ilin yanvar ayında Satoşi Nakomoto ləqəbli şəxs internetdə Bitkoinin konseptini əks etdirən yazı paylaşır…Və hər şey bununla başlayır. İlk vaxtlar 1 sentdən belə ucuz olan bu valyuta sonrakı bir neçə ildə on minlərlə dəfə bahalaşdı və ən əsası, yüzlərlə digər kriptovalyutaların yaranmasına səbəb oldu.

Pul əskinasının dəyəri

Heç öz-özünüzə fikirləşmisinizmi ki,  əlinizdə olan pul əskinasının niyə dəyəri var? Niyə heç bir maddi dəyəri olmayan 100 manatlıq əskinası (kağız parçasını) özünüzlə marketə aparıb konkret maddi dəyəri olan nemətlər ala bilirsiniz? Niyə yarım saat vaxt itirib sizin saçınızı düzəldən dəllək zəhmətinin əvəzində kağız parçası ilə qane olur? Niyə bütün zamanlarda dəyər ölçüsü kimi tanıdığımız qızılı belə az və ya çox miqdarda kağız parçasına ala bilirsiniz?

Ona görə ki, pulun arxasında inam və etibar var! Başqa sözlə, dəllək bilir ki, səhəri gün əlində olan 10 manatla gedib bazardan nəsə alacaq. Eləcə də digərləri. Bir sözlə, Azərbaycanda yaşayan hamıya məlumdur ki, bu ölkədə ödəniş vasitəsi manatdır. Bu inam və etibar olmasa, manat kağız parçasından başqa bir şey deyil. Eləcə də digər ölkələrin valyutaları. Hətta Amerika Birləşmiş Ştatlarının məşhur dolları da…

Kağız pul əskinası heç də hər zaman əsas pul vahidi olmayıb. İndiyədək dünya tarixində çox müxtəlif pul vahidləri olub. Məsələn, müxtəlif dövrlərdə duz, dələ dərisi, hətta xüsusi formalı qayalar pul vahidi kimi işlənib. Əgər qaya ödəniş forması ola bilirsə, kriptovalyuta niyə olmasın?

Kriptovalyutanın dəyəri

İndi belə bir ssenarini təsəvvür edin.

İki dost bir evdə yaşayır.  İstənilən ev yoldaşı kimi, onlar evə bazarlıq edir, işıqpulu, qazpulu və difər komunal xərcləri birlikdə ödəyirlər və s. Ancaq bu dostlara hər gün hesablaşmaq sərf etmir. Ona görə, dostlar belə qərara gəlirlər ki, indən sonra ayın axırı hesablaşsınlar.

Ayın axırında məlum olur ki, dostun birinin o birinə 200 manat borcu qalır. Qərara gəlirlər ki, borcu olan ona pulu qaytarmaq əvəzinə, gələn ay 200 manat artıq xərcləsin. Beləliklə, dostlar öz aralarında xəyali valyuta yaradırlar. Bu xəyali valyutanın adını DostCoin qoyaq və fərz edək ki, hər bir DostCoin 1 manatdır. Nəticədə, bir dostun o biri dosta 200 DostCoin dəyərində borcu var.

Soruşa bilərsiz ki, bunun manatla olan borcdan fərqi yoxdur? Var. Sadəcə fərq odur ki, bu DostCoin sırf dostlar arasında evpulunu bölüşmək üçün yaradılır və ancaq o məqsəd üçün istifadə olunur. Və dostlar arasında faktiki pul dəyişməsi baş vermir. Yəni Əli Vəliyə borclu olduğu 200 manatı vermir, əvəzində növbəti ay 200 manat çox xərcləyir.

Burada əsas məqam odur ki, bu DostCoinin arxasında inam durur. Dostlar bir-birinə inanır və DostCoini sadəcə hesablaşma vasitəsi kimi yaradırlar.

Kriptovalyutalar da oxşar prinsiplə işləyir. Çoxunuz ancaq Bitkoin haqda eşidirsiz, çünki, yuxarıda qeyd etdiyim kimi, bu valyuta kriptolar arasında ən böyüyü və ilkidir. Ancaq hazırda dünyada 1500-dən çox kriptovalyuta var. Onların hər birinin fərqli məqsədləri, üstünlükləri var.

Məsələn, əgər sizin kompyuterin diskində boş yer varsa, siz onu yaddaşa ehtiyacı olan hansısa bir çəxsə icarəyə verə bilərsiniz. Bunun əvəzində isə sizə pul yox, Storj valyutası veriləcək (Storj bu işi görmək istəyən çoxsaylı şirkətlərdən sadəcə biridir). Gələcəkdə isə, əgər sizə kompyuter yaddaşı lazım olsa, özünüzdə olan Storj ilə başqasından icarəyə götürəcəksiniz. Beləliklə, əskinas (fiat money) istifadə etmədən xidmətlərin alqı-satqısı baş tutacaq. Eləcə də onlarla, yüzlərlə digər kriptovalyutalar (coin) bu tip servisləri asanlaşdırmaq üçün “ödəmə vasitəsinə” çevriləcək.

Təbii, burada daha qəliz və daha geniş miqyaslı layihələr var. Mən, sadəcə,  asan dildə və sadə misallarla başa salmağa çalışıram ki, əgər hansısa qrup insan hansısa xidməti sadələşdirmək üçün bir ödəmə vasitəsi yaratsa və insanları bundan istifadə etməyə inandıra bilsə, bu ödəmə vasitəsi artıq dəyər qazanır. Bax kriptovalyutaların arxasında duran dəyər də kağız pulun arxasında duran dəyər kimi inamdan asılıdır.

Lakin kriptovalyutaların başqa üstünlükləri də var. Şəffaflıq və təhlükəsizlik məsələsi bunların başlıca xüsusiyyətlərindən biridir.

Bu barədə növbəti yazı olacaq…

One comment on “Kriptovalyutanın dəyəri

  1. turalturan
    February 14, 2018

    Sadə dildə yazılması postu daha da oxunaqlı və cəlbedici edir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on January 9, 2018 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: