Rəşad Həsənovun veb səhifəsi

Çox da şey eləməyin

Son 2 həftədə milli və klub səviyyəsində 2 komandamızın oyunu oldu. Birində çoxdan gözlədiyimiz və yetişmiş uğura (Qarabağın ÇL qrup mərhələsinə adlaması), digərində isə uğursuz oyun və nəticəyə şahid olduq (Norveç-Azərbaycan 2:0). Təbii, bir çox azarkeş də hər iki oyuna müvafiq reaksiya verdi.

Qarabağın uğuruna sevinənləri başa düşürəm və tamamilə dəstəkləyirəm. Bu postu millinin oyununa və göstərdiyi nəticəyə hədsiz neqativ reaksiya göstərən insanlar üçün yazıram.

Başlayaq Qarabağdan. Hamıya bəllidir ki, 2009-10-cu il mövsümündən bu yana bu komanda Çempionlar Liqasının qrup mərhələsinin qapısını döyürdü. Hamı bilirdi ki, gec-tez bu arzu, bu istək reallaşacaq.

Niyə?

Ona görə ki, bu komandanın uğurlarının kökündə strategiya, davamlılıq, zəhmət, əzm və digər tərifəlayiq xüsusiyyətlər dayanıb. Ola bilər 2009-10 mövsümündə Rusenborqu 1-0 məğlub edəndə çoxumuz bu qələbəni təsadüfi saydıq. Ola bilər növbəti illərdə Visla, Brugge, Ayntraxt kimi komandalara qarşı oyanayanda qələbələrə inanmırdıq- çünki bundan öncəkilərin təsadüf olduğunu düşünürdük. Amma illər keçdi və hamımız gördük ki, bu nəticələr uğurlu strategiyanın, ağır zəhmət və əzmin nəticəsidi. Ona görə də, çoxumuz bu uğuru gözləyirdik. Nəhayət bu uğur gəldi və hamımızı çox sevindirdi.

Yığma komanda isə tamam başqa hekayədir. Bu komanda hələ ki, uğura hazır deyil. Bu komanda uğur qazanmaq üçün kifayət qədər iş görməyib. Bir sözlə, uğur hələ ki, yetişməyib. Ona görə də, heç kim millidən möcüzə gözləmir və gözləməməlidir (1-2 hegemon komandaya “badalaq” vurmağı möcüzə saymıram- Avropa və ya Dünya Çempionatına vəsiqə qazanmağı nəzərdə tuturam).

Təbii, mən fikirləşmirəm ki, azarkeşlər və ya media tənqid etməməli, sakit yerində oturmalıdır. Xeyr. Əksinə, sağlam tənqid uğurun kökündə duran əsas amillərdəndir. Amma hər şeyin bir üsulu var. Təhqir, nalayiq ifadələr- bunlara lazımsız şeylərdir. Bir də, məncə,  şikayətlər daha çox AFFA-ya, yaxud da millinin məşqçisinə yönəldilməlidir. Çünki heç kim Əfrandan, Rahiddən və digərlərindən bir günün içində dahi futbolçu olmağı tələb edə bilməz. Uğurlu nəticə üçün strategiya olmalıdı, düzgün yanaşma olmalıdır. Bu yolda düzgün addımlar atılır, amma hələ gediləsi yol çoxdur. Mən bu inkişafa öz gözümlə şahidlik etmişəm. Millinin çoxdankı fanatı kimi, bugünkü “vay-şüvəni” anlaya bilmirəm.

İndiki uşaqlar xatırlamaz (fikir verməyin, bu yaxınlarda 30 yaşım oldu- necəsə vurğulamalıyam “qocalmağımı”), vaxt var idi, millinin oyunlarında azarkeş kimi əsas sevincimiz az qol buraxmaq və ya komandamızın rəqib qapısına 1-2 hücum qurmağı olurdu.

İlk dəfə millinin oyununa 1997-ci ilin aprelin 2-də getmişəm. Bu gün kimi yadımdadı. Atamla Finlandiyaya qarşı oyuna getmişdik. 9 yaşım var idi. Oyunu 2-1 uduzduq. Oyundan qalan ən xoş xatirələr isə, matçdan sonra millinin o vaxtkı kapitanı Nazim Süleymanovla söhbətim (atam jurnalist kimi məni millinin avtobusunun yanına keçirmişdi) oldu. Bir də, o vaxt Finlandiyanın ən əsas ulduzu Yari Litmanenin (Ayaksda qan edən vaxtları idi) mənə kiçik hədiyyə verməsi çox şirin xatirədir. Heyf o vaxt nə facebook, nə də İnstragram var idi. Yaxşı şəkillər çıxardı.

Həmin oyundan düz bugünə qədər Bakıda olduğum günlərdə yığmamızın demək olar bütün ev oyunlarına getmişəm və ya getməyə çalışmışam. Macarıstana 0:4, Polşaya 0:3 məğlubiyyətləri ilə yanaşı, Portuqaliya ilə o məşhur oyunların (bəli-bəli, oyunlar- sentyabrın 3-ü başlayan oyunun ilk yarı fasiləsində stadionda işıqlar söndü (!) və oyun ayın 4-ü yenidən başladı), Slovakiynı 2-0 udmağımız və s. kimi uğurların şahidi də oldum. Bu müddət ərzində yığma qruplarda 3 xal, sonra 5 xal, sonra 7 xal toplamağa, topla dahya yaxşı rəftar etməyi öyrənməyə başladı. Nəticədə, milli Avropanın autsayderlərindən biri olmaqdan aşağı-orta komandaya çevrildi. Ən azından, bir çox hallarda,  rəqibə normal müqavimət göstərməyi öyrəndi.

Nəysə, uzun sözün qısası:

Qarabağın uğuru hamımız üçün dərs olmalıdır. Söhbət futboldan getmir. Həyat da belədir. Bir azruya çatmaq üçün əvvəl məqsəd qoyulmalı, sonra isə bu məqsəd üçün dayanmadan çalışmalı, əziyyət çəkməlisən. Belə uğurlar daha uzunömürlü olur.

Yığmaya gəldikdə isə, yenə deyirəm, bu komanda uğura hələ hazır deyil. Hətta, bir azarkeş kimi, DÇ və ya AÇ-nın qrup mərhələsinə keçməyimizi istəməzdim. Çünki, keçmiş olsaq belə, bu, strategiya və zəhmətin nəticəsi yox, təsadüfin nəticəsi olacaqdı. Mənə isə bu lazım deyil. Mən yetişməmiş təsadüfi uğurdansa  10 il gec gələn davamlı və planlaşdırılmış uğurun tərəfdarıyam. Odur ki, əziz tənqidçilər, tənqid edin, amma çox da şey eləməyin.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on September 4, 2017 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: