Rəşad Həsənovun veb səhifəsi

Təhsil(sizlik) və “Tramp effekti”

Amerikada prezident seçkilərinə sözardı

Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində şok qələbə qazanaraq dünyanın bir çox siyasi və iqtisadi analitiklərinin (o cümlədən, mərc şirkətlərinin) proqnozlarını alt-üst etdi. İlk dəfə Amerikanın, demək olar ki, bütün sorğu mərkəzlərinin iddiaları yanlış çıxdı.

Seçkiqabağı təbliğat dövründə cənab Tramp bir çox ziddiyyətli açıqlamaları ilə insanların əksəriyyətində gülüş və əsəb hissi doğururdu. Eşitdiklərimdən, oxuduqlarımdan və gördüklərimdən belə başa düşürdüm ki, bu şəxsi demək olar ki, heç kim ciddiyə almır, hamı bu “şounun” əvvəl-axır Trampın məğlubiyyəti ilə başa çatacağını gözləyirdi.

Maraqlıdır ki, sonda belə olmadı. Sən demə, Trampın qalmaqallı və ağlasığmaz hərəkətləri, açıqlamaları bir çox amerikalının (daha dəqiq desək, 60 milyona yaxın amerikalının) ürəyindən imiş.

Bu kiçik yazıda preizdent seçkilərinin taleyini müəyyən edən bir neçə ştatda seçimin hansı faktorlardan asılı olduğunu izah etmək istəyirəm. ABŞ seçki sistemini bilənlər aşağıdakı hissəni buraxıb növbəti yarımbaşlıqdakı analizə keçə bilərlər. Digər şəxslər üçün isə

ABŞ seçki sistemi haqqında bir neçə kəlmə

Məlum olduğu kimi bu seçkilərdə əhalinin 47,8 faizi Klintona, 47,3 faizi isə Trampa səs verdi. Yəni Tramp 0.5 % az səs toplasa da qalib çıxdı.

Daha çox seçici səsi toplayan namizədin seçkidə uduzması praktikası Amerikada indiyədək beş dəfə olub. Sonuncu dəfə oxşar hadisə 2000-ci ildə baş verib, Albert Qor kiçik Corc Buşdan 0,5 faiz çox seçici səsi toplasa da prezident seçilməmişdi. (Trampdan əvvəl Con Adams, Ruzerford Hays, Bencamin Harrison və kiçik Corc Buş ümumxalq səsverməsində məğlub olsa da, prezident seçilib.)

Deməli, təcrübə göstərir ki, ABŞ-da prezident seçkilərini heç də həmişə ümumxalq səsverməsi nəticəsində ən çox səs toplamış namizəd udmur. Sistem daha qəlizdir. Ümumi prinsipi “loru dildə” izah etməyə çalışacam.  Hər bir Ştata əhalisinin sayına uyğun “səs” ayrılır. Məsələn, ölkə əhalisinin ən çox yaşadığı ştat Kaliforniyadır. Müvafiq olaraq, Kaliforniyanın 55 “səsi” var. Əhali sayına görə ikinci yerdə gedən Ştat Texasdır və ona görə də, 38 “səsə” layiq görülüb. Alyaska ştatının əhalisi çox az olduğuna görə cəmi 3 “səs” hüququna malikdir. Hər bir ştatda seçkilər keçirildikdən sonra ən çox səs toplamış namizəd ştata ayrılmış bütün səslərə sahib olur. Məsələn, Hillari Klinton Kaliforniyada  ümumxalq səsverməsində qalib olsa, 55 “səsin” hər birini öz aktivinə yazır. Maraqlısı odur ki, bir neçə ştat istisna olmaqla, bütün ştatlarda qalib gələn namizəd bütün səslərə sahib olur. Yəni, ola bilər ki, Hillari Klinton cəmi 1 səslə üstün olsun, amma Kaliforniyanın bütün 55 “səs”i ona sayılır, Tramp isə 0 “səs”lə kifayətlənməli olur. Beləliklə, qalib gəlmək üçün namizəd ümumilikdə 270-dən çox “səs”ə sahib olmalıdır.

Amerika siyasətinin, daha doğrusu ABŞ seçki sisteminin daha bir maraqlı xüsusiyyəti var. Demək olar ki, 50 ştatdan təxminən 40-ı, adətən stabil olaraq, ya Demokratlara, ya da Respublikaçılara səs verir. Məsələn, tarixən Arizona ştatı həmişə Respublikaçılara səs verib. Viskonsin ştatı isə 1984-ci ildən bəri bütün seçkilərdə  Respublikaçılara səs verirdi. Qeyd etmək lazımdır ki, bəzən bu “qanunauyğunluq” pozulsa da, ümumi tendensiya daim qorunur.

Qeyd etdiyim kimi, 40-a yaxın ştatda təxmini belə bir tarixi tendensiyanın olmağı o deməkdir ki, hər namizədin “rahat ştatı” var. Ona görə də, onun rəqibi adətən həmin ştat uğrunda mübarizə aparmır. Məsələn, Tramp Kaliforniyada uduzacağını bilirdi deyə, onun seçki komandası Kaliforniyaya nə çox vaxt, nə də çox pul sərf etdi. Eləcə də, Klinton Trampın “rahat ştatlarında” məğlubiyyəti faciə hesab etməyəcəkdi. Beləliklə, adətən(!) seçkidən əvvəl hər iki namizədin təxminən eyni miqdarda “səs qarantiyası” olur. Bu isə yerdə qalan 10 ştatın rolunu çox əhəmiyyətli edir. Çünki seçkilərin taleyini məhz bu ştatlar müəyyənləşdirir. Qeyd etdiyim ştatlar tez-tez mövqelərini dəyişdiyinə görə onlara “swing states”, azərbaycanca desək, “yelləncək ştatlar” deyilir. Seçkiqabağı kampaniya zamanı hər iki namizəd “yelləncək ştatların” “səslərini” toplamaq üçün böyük zəhmət sərf edir. Bir daha vurğulayıram, seçkidən əvvəl 40-a yaxın ştatın təxmini kimə səs verəcəyi bəlli olduğu və səslərin təxminən bərabər bölüşdürüldüyü üçün məhz bu “yelləncək” ştatlarda qələbə önəmlidir.

Təbii ki, bəzən namizədlər rəqibi üçün “rahat” sayılan ştatda da qələbə qazanır. Bu, namizədin seçkidə qələbəsi üçün “bonus xal” sayıla bilər. Futbolla müqayisə etsək, bu, rəqib meydanında qələbəyə bənzəyir.

“Yelləncək ştatlar” və rəqib meydanında qələbə

Hər seçkidən əvvəl və sonra siyasi analitiklər cari seçkidə hansı ştatların həlledici səslərə malik olması haqqında müzakirələr təşkil edir, ciddi analizlər aparırlar. Həmin analizlər göstərir ki, bu seçkilərdə Trampın qələbəsinin kökündə duran əsas səbəb bəzi “yelləncək ştatlar”da qələbə ilə yanaşı, “rəqib meydanında” qazandığı uğurlar oldu. Başqa sözlə, Tramp ötən seçkilərdə Demokratlara, daha doğrusu, Obamaya səs verən bölgələrin bəzilərində qələbə qazandı.

Bu baxımdan, siyasi analitiklər bu 5 ştatın adını xüsusi vurğulayırlar: Ayova, Viskonsin, Ohayo, Florida, Pensilvaniya. Donald Tramp 2012-ci ilin seçkiləri ilə müqayisədə Respublikaçıların üstünlüyünü məhz bu ştatlarda bərqərar edə bildi. Başqa sözlə, o vaxt Mitt Romni Obamanı uda bilmədiyi ştatlarda Tramp  Klintonu qabaqladı. Bu isə Trampa əlavə 83 “səs” qazandırdı və seçkilərin taleyini onun üçün müsbət mənada dəyişdi.

Trampın 60 milyon tərəfdarı kimlərdir?

Bu suala cavab vermək üçün kiçik bir analiz apardım. Yuxarıda adı çəkilən 5 ştat üzrə səsvermə məntəqələrinin nəticələrinə baxıb, nəticələrin iqtisadi, sosial və digər faktorlarla bağlı olub-olmadığını araşdırmaq istədim. Qısa analiz maraqlı bir görüntü ortaya çıxardı. Məlum oldu ki, Trampın üstünlük əldə etdiyi 5 ştatda ali təhsili olmayan əhalinin çoxluq təşkil etdiyi məntəqələrdə “Tramp effekti” qalib gəlib. “Tramp effekti” dedikdə Trampın həmin məntəqədə qazandığı səs ilə 2012-ci ildə Mitt Romninin həmin məntəqədə qazandığı səs arasında olan fərqi nəzərdə tuturam. Beləliklə, müsbət rəqəm o deməkdir ki, Tramp Romni ilə müqayisədə həmin məntəqədə daha çox səs yığıb. Mənfi rəqəm isə o deməkdir ki, Tramp həmin məntəqədə Romnidən daha pis nəticə göstərib.

Bunu qrafik üzərində nümunədə daha asan başa düşmək mümkündür.

ayova

 

Məsələn, Ayova ştatında əhalisinin çoxunun ali savadı olmayan məntəqələrdə Donald Tramp Mitt Romni ilə müqayisədə daha çox səs qazanıb. A halqasına nəzər yetirin. A nöqtəsi cəmi 4 min nəfər əhalisi olan Hovand məntəqəsini ifadə edir. Həmin məntəqədə yaşayan əhalinin 57 %-nin ali təhsili yoxdur (bax: qrafikdə horizontal xətt 57-yə uyğun gəlir). Bu, çox yuxarı göstəricidir. Və həmin məntəqədə “Tramp effekti” çox güclü olub – Mitt Romni ilə müqayisədə Tramp 22.2 % çox səs toplayıb. Növbəti nümunə, B halqasına baxaq. Bu halqa 70 min əhalisi olan Johnson məntəqəsini təmsil edir. Orada isə əhalinin yalnız 21.8 faizinin ali təhsili yoxdur. Və nəticədə, Trampa səs verənlərin sayı ötən seçki ilə müqayisədə daha azdır.

Beləliklə, birinci nəticə: Trampa Ayova ştatında səs verənlərin çoxu ali təhsili olmayan insanlardır.

Bu qrafikdən başqa bir maraqlı nəticə də əldə etmişik. Fikir verdinizsə, halqaların bəzisi yaşıl, bəzisi ağ, bəzisi iri, bəzisi isə kiçikdir. Halqanın rəngi və ölçüsü həmin məntəqənin ştatın digər məntəqələrinə nisbətdə kasıb və ya varlı olmasını göstərir. Yaşıl halqa varlı məntəqələri, ağ halqa isə kasıb məntəqələri əks etdirir. Halqanın ölçüsü isə nə qədər varlı və ya nə qədər kasıb olmanın göstəricisidir. Başqa sözlə, iri yaşıl halqa çox varlı məntəqəyə, iri ağ halqa isə çox kasıb məntəqəyə uyğun gəlir.

Yuxarıdakı qraqfikdən çıxan ikinci nəticə odur ki, ağ halqalar yuxarı hissədə, yaşıl halqalar isə aşağı hissədə cəmləşib. Bu isə o dəməkdir ki, kasıblar (ağlar) Trampa daha çox səs verib, varlılar isə nisbətən daha az.

Bu iki nəticəni digər 4 “yelləncək ştatda” yoxlamaq üçün eyni analizi apardım. Nəticələr tamamilə davamlıdır:

Yekun

Təbii ki, bu analiz Trampa səs verənlərin yalnız savadsız və ya kasıb təbəqə olduğunu göstərmir. Ola bilsin başqa ştatlarda bu analiz eyni nəticə verməsin. Sadəcə maraqlısı odur ki, oxşar nəticə Britaniyanın Avropa Birliyindən çıxması üçün keçirilən referendumda (“Brexit”) da olmuşdu. Belə ki, aşağıdakı qrafik  göstərir ki, ali savadlı əhalisi çoxluq təşkil edən bölgələr “qalmaq”, təhsil səviyyəsi aşağı olan bölgələr isə “tərk etmək” seçimi etmişdilər. Görünən odur ki, ali savadı olmayan təbəqə Tramp kimi, Nigel Farage kimi populist, ultrasağ yönümlü siyasətçilərə daha tez inanırlar.

 

brexit

Ümumiyyətlə, Trampın qaıib gəlməsi “Brexit” və digər ultrasağ yönümlü hərəkatların uğurları fonunda qorxulu görünür. Yəni son illər dünyada gedən proseslər, məsələn, 2008-ci ildən başlayan dünya iqtisadi böhranı, “Brexit”, digər iqtisadi və siyasi dəyişikliklər və nəhayət, Trampın prezident seçilməsi dünya siyasətində başqa bir tendensiyanın simptomlarını göstərir.

Bu barədə növbəti yazıların birində söhbət açmağı planlaşdırıram.

 

One comment on “Təhsil(sizlik) və “Tramp effekti”

  1. Emin
    November 25, 2016

    Bəy, qiymətli yazı üçün təşəkkürümü bildirirəm. Var olun. Bu qədər detallı məlumata sahib deyildim.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on November 15, 2016 by in Beynəlxalq iqtisadiyyat, İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 39,668 hits
%d bloggers like this: