Andrew Laurence adlı daşınmaz əmlak mütəxəssisi 1999-cu ildə “Göydələn indeksi” (Skyscraper index) nəzəriyyəsini yaratdı. Bu nəzəriyyəyə əsasən, dünyada məşhur göydələnlərin tikintisinin başa çatması ilə iqtisadi tənəzzülün başlaması üst-üstə düşür. Son 100 ilin təcrübəsi onu göstərir ki, həqiqətən də, dünyanən ən hündür binalarının tikintisi iqtisadi bum dövrünün zirvəsinə təsadüf edir. Sonra isə, durğunluq başlayır…
Niyə göydələn tikintisi iqtisadi buma təsadüf edir? Və niyə ən hündür bina tikintisi iqtisadi tənəzzülün”xəbərçisi” rolunu oynayır?
Əvvəlcə birinci sualın cavabına baxaq.
Hündür binaların tikilməsi kredit şərtlərinin yumşaq olduğu və borc maliyyələşməsinin (debt financing) yüksək olduğu vaxtlara təsadüf edir. Həqiqətən də, göydələnlərin tikilməsinə on, bəzən yüz milyonlarla, hətta, milyardlarla dollar xərclənir. Bu xərclər isə bir çox hallada banklar və ya digər maliyyə qurumları tərəfindən maliyyələşir və çox vaxt iqtisadiyyatın inkişafda olan fazasında baş tutur. Bunun iki səbəbi var: əvvəla, adətən, iqtisadiyyatın bumda olması faiz dərəcələrinin aşağı olması ilə üst-üstə düşür. Bu o deməkdir ki, banklar göydələn tikmək istəyən investora aşağı faizlə borc verə bilir. İkincisi, banklar, yalnız iqtisadi bum zamanı belə spekulyativ, dərin iqtisadi əsası olmayan layihələrə pul ayırır.
Xülasə, iqtisadiyyatın inkişafı dövründə ucuz faiz dərəcələri və maliyyə bazarlarında optimistliyin olması nəticəsində göydələnlərin tikilməsinə münbit şərait yaranır.
Bəs niyə ən hündür bina tikintisi iqtisadi durğunluğun başlanğıcından xəbər verir? Sadə bir misal ilə bu suala cavab tapa bilərik.
Tutaq ki, bina tikmək istəyən investor torpaq ərazisi üçün 1 manat ödəməlidir. Binanı tikmək üçün tikinti materialları və işçi qüvvəsinə isə əlavə 2 manat xərc hesablayır. Beləliklə, bina investora 3 manata başa gəlir. İnvestor xərclərini və gəlirlərini proqnozlaşdırıb hesablayır ki, 10 mərtəbəli bina tiksə mənfəət əldə edəcək.
İllər keçir, iqtisadiyyat inkişaf edir və təbii ki, maaşlar və qiymətlər qalxır. Belə olanda, binanın başa gəlmə xərci artıq 3 manat yox, 7 manat olur. İnvestor artan xərcin qarşılığında məcbur olur ki, binanı 10 yox 20 mərtəbəli etsin*. Bu proses bir neçə il ərzində təkrarlanır. O vaxta qədər ki, iqtisadiyyatda tənəzzül başlayır və banklar artıq yeni hündür binaların tikintisinə əvvəlki qədər pul ayırmır. Beləliklə, ən hündür bina tikintisinin tamamlanması tənəzzülün ilkin göstəricilərindən birinə çevrilir.
Təbii, bu nəzəriyyəyə ayrı-ayrılıqda baxıb nəticə çıxarmaq düzgün deyil. Bu sadəcə bir göstərici, indikator rolu oynamalıdır. Ancaq, aşağıdakı şəkildən göründüyü kimi, müəyyən qanunauyğunluq var (Şəkil Phillip Andersonun səhifəsindən götürülüb).
* Təbii ki, hündür binaların tikilməsi heç də həmişə xərcləri qarşılamaq üçün olmur. Burada şəxsi və milli ambisiyalar, ölkənin tanıdılması kimi səbəblər də ola bilər. Bu yazıda məsələninin sırf iqtisadi tərəfi müzakirə olunur.