Rəşad Həsənovun veb səhifəsi

Büdcə xərclərinin azaldılması çıxış yoludurmu?

Yanvarın 19-da Milli Məclis növbədənkənar iclasını keçirəcək. Ehtimal olunur ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Çox güman ki, dövlət xərclərinin azaldılmasının şahidi olacağıq.

Parlamentin necə qərar qəbul edəcəyindən asılı olmayaraq,  belə böhran zamanı xərclərin azaldılmasının qəti əleyhdarıyam. Niyə?

Hazırkı şəraitdə xərclərin azaldılması çox yanlış addım olardı. Təcrübə göstərir ki, dünyada baş verən bir çox iqtisadi böhranlar zamanı pul qənaəti (austerity measures) böhranın daha da dərinləşməsinə gətirib çıxarıb. Nəticədə konkret hər hansı bir sektora ayrılan vəsaitlərin azalması nəinki həmin sektora, bütövlükdə iqtisadiyyatın digər sahələrinə də təsirsiz qalmayıb. Bu da, öz növbəsində, daha çox işçilərin işsiz qalmasına, əhalinin daha az pulunun olmasına, nəticədə istehlak xərclərinin azalmasına və dolayı yolla kiçik və orta sahibkarlara böyük ziyan vurub. Bu “domino effekti” onilliklər boyu elmi ədəbiyyatda müzakirə olunur və “multiplier effect” adlanır. Azərbaycanca bu terminin tərcüməsini bilmədiyim üçün, bu effektə “domino effekti” deyək. Yəni büdcənin bir manat azalması iqtisadiyyatın daha sürətlə kiçilməsinə səbəb olur.

Fikrimi daha sadə izah etmək üçün bir nümunə gətirmək istəyirəm: Tutaq ki, parlament büdcədən məktəb tikintisinə (və ya başqa bir sahəyə, fərqi yoxdur) ayrılan 1 milyon manat vəsaitin kəsilməsi barədə qərar verir. İlk baxışda xərc cəmi 1 milyon azaldı və bundan ancaq məktəbi tikən şirkət və onun işçiləri əziyyət çəkməli oldu. Əslində bu, aysberqin yalnız üz hissəsidir. Bu məktəb tikintisindən maaş alan fəhlə bazarlıq edə bilərdi. Rayona ailəsinin yanına gedə bilərdi. Restoranda oturub yemək yeyə bilərdi.

Beləliklə, bir fəhlənin işsiz qalması ilə restoran, nəqliyyat, kənd təsərrüfatı və digər sahələr daha az müştəriyə sahib oldu.

Bizə isə indiki şəraitdə bu lazım deyil. Azərbaycan iqtisadiyyatının dirçəlməsi üçün əsas yol əhalinin pul qazanmasına və xərcləməsinə şərait yaratmaqdır. Bunu isə etməyin əsas yollarından biri iqtisadiyyata dövlət dəstəyinin olmasıdır. Dövlət hər vəchlə çalışıb xalqın cibinə gələn pulu (disposable income) artırmalıdır (vergi və gömrük güzəştləri, kredit borclarının ödənməsi, iş yerlərinin açılması və s. yollar mümkün alternativlərdir).

Yazını məşhur inglis iqtisadçısı Con Maynard Keynsin bir sitatı ilə tamamlamaq istəyirəm: “Hökumət insanlara boş yerdə quyu qazıb sonra o quyunu doldurmağa görə də pul ödəməlidir”.

Bu sitatla Keyns onu demək istəyir ki, dövlət iqtisadiyyatın stimullaşdırılmasında müstəsna rola malikdir. Parlament xərcləri azaltmaqla, əksinə, iqtisadi durğunluğu dərinləşdirə bilər.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: