Bu mövzuda çoxdan yazmaq istəyirdim, amma hər dəfə ya hansısa bir iş çıxır, ya da həvəsim olmurdu. Bu günlərdə Azərbaycanın sosial şəbəkələrində geniş müzakirə edilən sarsıdıcı xəbərin təsiri ilə qərarımı dəqiqləşdirdim.
Söhbət jurnalistin, daha doğrusu, bir Azərbaycan gəncinin şəhərin ortasında bir neçə nəfər qorxaq tərəfindən döyülüb öldürülməsindən gedir. Qorxaq, ona görə ki, ilk zərbəni arxadan vurublar. Qorxaq ona görə ki, “söhbət edək” adı altında çağırıb bir nəfəri təkləyiblər. Nə isə, bu hadisə haqqında çox yazmaq istəmirəm, çünki xəbər saytları kifayət qədər yazır. Məsələyə başqa tərəfdən baxmaq istəyirəm.
Bilirsiz bu hadisə niyə baş verib?
Bilirsiz ölkəmizdə keçirilən sorğularda “şortik geyənə pis baxıram” deyən onlarla, yüzlərlə cavan niyə var?
Bilirsiz şəhərin hər tinində siqaret damağında dayanıb yoldan keçən xanımlara söz atan cavanlar niyə hələ də var?
Bilirsiz niyə bizim “papanın çolkalı qızlarımız” var?
Məncə, bütün bu “niyələr”in bir cavabı var: kütləvi savadsızlıq!
Çünki cavanların çoxu normal orta təhsilə yiyələnmir və elementar şeylərdən xəbərsizdir. Üstəlik çoxları dünya görməyib, müasir dünyanın hansı dəyərlərlə oturub-durduğundan xəbərsizdir.
Jurnalistin ölümü kimi hadisələrin heç olmasa bundan sonra təkrarlanmaması üçün bütün bunları yeniyetmələrə öyrətmək lazımdı. Necə öyrətmək?
Bu suala dəqiq cavab tapmaqda mən də acizəm. Yəqin ki, bu, onilliklərin lazım gələcəyi bir prossesdir. Lakin ilk baxışda bir az fantastik və çətin görünsə də… bir təklif irəli sürmək istəyirəm.
Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almasına geniş imkanlar açan Xaricdə Təhsil üzrə Dövlət Proqramı çox əhəmiyyətli proqramdır. Son illərdə minlərlə gəncimiz bu proqram vasitəsilə xarici ölkələr görüb və təhsilini artırıb. Bu proqram, şübhəsiz, savadlı gənclərin yeni nəslinin formalaşmasına mühüm töhfə verir. Lakin kim nə deyir-desin, zənnimcə, 20-21 yaşına kimi manqurt kimi gələn gənci (hansı ki cəmiyyətimizdə az deyil) sonradan ən güclü təhsil belə düzəldə bilməz.
Bu baxımdan yeni bir Dövlət Proqramı təklifini irəli sürmək istəyirəm- Xaricə Səyahət üzrə Dövlət Proqramı.
İdeya üzərində, təbii ki, işləmək lazımdır- proqramın icrası, maliyyəsi və s. Ancaq ümumi ideya budur ki, hədəf qrupu 12-14 yaşlı yeniyetmələr olmaqla ölkənin müxtəlif kənd və şəhərlərindən ən savadsız, ən davakar, ən aqressiv, ən aşağı qiymətlərlə oxuyan şagirdlərini, gələcəyin “qoçularını”, gələcəyin “Ayka Namazqılankalarını” seçib dünyanın ən mədəni 20-30 şəhərindən birinə 15 günlük gəzməyə aparırsan. Hər qrup tutaq ki, 20-25 nəfərdən ibarət olur və hər bir qrupun başında həmin ölkəni yaxşı tanıyan bir böyük gedir. Bu proqram ərzində ilk 2-3 gün şəhərin tarixini, mədəniyyətini göstərirlər bu yeniyetmələrə. Sonrakı günlərin birində şəhərin gecə həyatı ilə tanış olurlar. Görürlər ki, gecə saat 3-də gecə klubundan oğlanlar kimi 3-4 qız da çıxa bilər və gəzə-gəzə evinə yollanar. Bir nəfər də onlara söz atmaz, narahat etməz…
Bütün bunları görməlidir bizim cavanlar…
Bununla yanaşı xaricdə olduqları müddətdə onlar maşının necə idarə olunduğunu da görəcəklər, siqnal verməyə tərbiyəsizlik kimi baxıldığını da anlayacaqlar. Görəcəklər ki, növbədə durmaq lazımdı, “mən tələsirəm” deməyin ayıb olduğunu başa düşəcəklər.
Bax bunlar hamısı adi və xırda etiket qaydalarıdı. Amma bizim şəhərin yaşayış tərzi ilə dünyanın qabaqcıl şəhərləri arasında fərq yaradan faktorlar məhz elə bunlardır. Yoxsa şəhərimiz də gözəldi, neftimiz də var, pulumuz da.
Xaricdə təhsil proqramında bir tələbləyə ilə təxminən 30 min manat xərclənir (təhsil haqqı üstəgəl yaşayış xərcləri). Bu proqramda isə xərc çox aşağı olacaq. Tutaq ki, şagirdi iki həftəlik Londona aparırlar: təxminən, 500 manat yolpulu, 500 manat qalmaq pulu, 500 manat da yemək, gəzmək pulu…30 min manata təxminən 20 gənci “tərbiyə” etmək, cəmiyyət üçün normal adama çevirmək olar! (Yeri gəlmişkən, Xaricdə Təhsil proqramı ilə təklif etdiyim proqram bir-birinə rəqib olmamalı, əksinə bir-birinə dəstək olmalıdır. Sadəcə rəqəmləri müqayisə etmək üçün yazdım.)
Bir daha qeyd edirəm, bu, proqram haqqında sadəcə başımda olan ümumi ideyalardır. Təbii ki, ənənəvi şübhələr yarancaq: “ora seçilən uşaqlar kiminsə tanışı olacaq”, “kimlərsə öz qiymətini qəsdən aşağı salacaq ki, ora düşsün” və s. Əzizlərim, orta qiymətlə hər şagirdə yəqin ki, təxminən 1000-1500 manat arası vəsait xərclənəcək. Əgər hansısa imkanlı, kiməsə tapşırmağa əli çatan valideyn öz özladını bu məbləğə görə tapşırtdırırsa, elə qoy o da getsin. Çünki elə ilk növbədə onun övladının “müalicəyə” ehtiyacı var. O uşağın ki, valideyni əyri yollarla nəyəsə nail olur, cəmiyyətin ən təhlükəli uşağı məhz elə odur…
Məllim əla yazmısan, amma savadsız deməyək cahil deyək 🙂
Olsun, cahil! 🙂
Maraqlı təşəbbüsdür. Digər tərəfdən, həmin yeniyetmələr mədəniyyət şoku (culture shock) yaşayacaqlar və vətənə qayıtdıqdan sonra xaricdə gördükləri ilə yerli reallıq arasında fərqi necə qəbul edəcəklər? ümumiyyətlə qəbul edə biləcəklərmi? bu beyin axınının (brain drain) yaradılması üçün münbit proqram ola bilər. Ona görə də iştirak edəcək şəxslərin psixoloji durumu ilə proqramdan əvvəl və sonra nəzarət etmək lazımdır.