Rəşad Həsənovun veb səhifəsi

Kredit sevgisinin fəsadları barədə

Əslində bu yazını yazmağa başlayanda bəzi statistik məlumatlardan istifadə etmək, fikirlərimi rəqəmlərlə əsaslandırmaq istəyirdim. Lakin sonradan bir neçə səbəb üzündən fikrimdən daşındım. Əvvəla, ona görə ki, ətraflı informasiya toplamaq üçün baş vurduğum Mərkəzi Bankın (MB) elektron statistik bazasında lazım olan məlumatları tapa bilmədim. Haşiyə çıxaraq qeyd edim ki, MB-nin yaratdığı bu elektron baza (məncə, son bir neçə ayda yaradılıb) şəffaflıq, iqtisadi araşdırma baxımından çox əhəmiyyətlidir. Lakin təəssüflər olsun ki, hazırkı vəizyyətində mükəmməllikdən xeyli uzaqdır.

Statistikadan istifadə etməməyimin ikinci səbəbi isə yazını başlayanda aydınlaşdı; gördüm ki, yazdıqlarımı rəqəmlərlə sübut etməyə elə ciddi ehtiyac yoxdur. Ətrafımıza, dost-tanışlarımıza baxsaq, kifayət edər…

Mənim fikrimcə, bu gün Azərbaycanın bank sisteminin problemlərlə üzləşməsində sadə adamların, bəli-bəli, adi kredit götürənlərin də günahı var… Təəccüblənməyə tələsməyin.

Heç kimə sirr deyil ki, Azərbaycan bank sistemində müəyyən problemlər var. Fevral ayında manatın məzənnəsi ilə bağlı gözlənilməz qərar, əhalinin manatdan üz döndərib dollara meyl etməsi, valyutadəyişmə məntəqələrində müşahidə olunan kiçik çaşqınlıqlar, xarici valyuta ilə götürülən kreditlərin ödənişi ilə bağlı narahatlıqlar, bu sahədə qanunvericilikdəki boşluqlar və digər amillər bank sistemində çoxdan kök salmış problemləri üzə çıxardı. Lakin bank sistemində real vəziyyətdən asılı olmayaraq, hesab edirəm ki, millət olaraq bəzi xüsusiyyətlərimizin üstündən birdəfəlik xətt çəkməsək, bizim özümüz də, iqtisadiyyatımız da daim böhrana meylli olacaq.

Bu barədə daha ətraflı. Mən Bakıda yaşadığım müddətdə ətrafımda olan onlarla dost, tanış, qohum tanıyırdım ki, ciddi ehtiyac olmadan kredit üçün banklara üz tuturdular. Kreditə bahalı mobil telefon, avtomobil alanlar az deyildi. Bəzən xarici ölkələrə səyahət üçün, nişanlısına bahalı üzük, daş-qaş almaq üçün, bəzən öz toyunda gəlini “Bentley” maşını ilə gətirmək üçün, bəzən hətta işıqpulu vermək üçün banklardan borc alanlar tanıyırdım.

Əslində, kredit götürməkdə heç bir qəbahət yoxdur. Əgər insan pulu bir yerə cəmləşdirə bilmirsə və ya çox çarəsiz vəziyyətdədirsə bankdan borc alıb, onu sabit GƏLİRİNİN bir hissəsi ilə ödəyə bilər. Sonuncu cümlədə gəlir sözünü xüsusi vurğu ilə qeyd etdim. Çünki təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim dost-tanışlarımın, qohumlarımın bir çoxu stabil gəliri olmadan banklara üz tuturdular. Kredit ödənişinin vaxtı çatanda isə başqa bankdan, yaxud başqa dostun adına kredit götürməklə vəziyyətdən çıxırdılar. Təbii ki, bu proses sona qədər belə davam edə bilməz. Günlərin birində həmin insanların bir qismi banka olan borcunu ödəyə bilmir. Bu halın baş verməsi üçün kiçik bir iqtisadi şok kifayətdir. Əgər əhalinin stabil gəliri banklara olan borcu bağlamağa və yenidən borclanmamağa kifayət etmirsə, bu prosesin sonunda partlayış qaçılmazdır. Kiçik və ya böyük – bu iqtisadi şokun ölçüsündən asılıdır.

Kredit üçün banklara üz tutanların hamısını qınamaq fikrində deyiləm. Bir çox hallarda insanlar müəyyən işlər planlaşdırır, ölçüb-biçib müəyyən məbləği borca götürürlər. Mənim qınaq obyektim kasıblıqdan, ucuz telefondan, xudmani toy və ad günü keçirməkdən və hətta ucuz yas mərasimi təşkil etməkdən utananlar, “camaat nə deyər” ifadəsinin təsiri ilə kortəbii kredit götürənlərdir. Mənim qınaq obyektim gəliri olmadan, sadəcə “zor” görünmək üçün kreditə “07” alanlardır. Təəssüf ki, ölkəmizdə belələri bu gün də az deyil…

Dostlar, yoldaşlar, kasıb olmaqdan, ucuz əşyalardan utanmayın. Özünüzü, ailənizi, dostlarınızı pis vəziyyətə salmayın.

Problem odur ki, banklardan istehlak krediti alanların sayı günü-gündən artır. Belə olan halda, əhalinin kiçik bir hissəsi defolt etsə (borcunu ödəyə bilməsə), bank sektoru üçün böyük problemlər yarana bilər. Bu prossesin qarşısının alınması isə dövlət səviyyəsində nəzarət, qanunvericilik bazasının gücləndirilməsi ilə yanaşı, həm də vətəndaşların öz üzərinə düşür.

Bir məsələni də vurğulamaq istəyirəm ki, problemin bu səviyyəyə çatmasında bankların da məsuliyyəti var. Kreditlərin çox yuxarı faiz dərəcələri ilə verilməsi əhalinin borcunun qaytarılması perspektivlərini azaldır. Bundan başqa, bəzi banklar gəlir əldə etmək məqsədilə yaxşı araşdırma aparmadan problemli müştərilərə kreditlər verir. Ən maraqlısı isə odur ki, bu prosses yalnız banklarla məhdudlaşmır. Bakının bir çox telefon, elektronika mağazaları yalnız bir şəxsiyyət vəsiqəsilə kiçik kreditlər verir.

Bir daha qeyd edirəm, burda, yəqin ki, qeyri-qanuni bir şey yoxdur. Əksinə, kreditin şərtlərinin asan olması, banka üz tutmadan mağazalardan kreditə əşyalar almaq imkanı çox gözəldir və ölkədə maliyyə sektorunun inkişafının göstəricisidir.

Digər tərəfdən, banklar, şirkətlər deyə bilər ki, “heç kimə zorla borc al demirik”. Və məhz bu səbəbdən, yazının əsas çağırışına qayıdaraq, qeyd etmək istəyirəm: gəlirlərinizi və kreditə olan zərurəti nəzərə alaraq borc alsanız, həm özünüz üçün rahatlıq təmin etmiş olarsınız, həm də ölkə iqtisadiyyatına ziyan vurmazsınız. Çünki arxasında stabil gəlir durmayan kreditlər sizin özünüzlə yanaşı, ölkənin bank sektoru üçün də birbaşa təhlükədir. Özünüzü “qonşudan qalma dala” prinsipinin qurbanına çevirməyin…

P.S. Bir daha qeyd etmək istəyirəm, günahlandırdığım, kredit götürməməyə çağırdığım insanlar CİDDİ ZƏRURƏT OLMADAN VƏ STABİL GƏLİRİ OLMAYAN borcalanlardır…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on June 9, 2015 by in Azərbaycan iqtisadiyyatı and tagged , , , .

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: