Rəşad Həsənovun veb səhifəsi

Üçüncü yazı. Cənub adasına səyahət

Tonqariro vulkanına səyahətdən sonra Vellington şəhərinə doğru yola başladıq. Şəhərə çatanda artıq gecə düşmüşdü. Yerləşdiyimiz hostel Vellington limanının sahilində yerləşdiyindən güclü külək əsirdi. Ona görə də hava çox soyuq idi. Ancaq hostelə girən kimi özümüzü lap evdəki kimi hiss etdik. Əvvəla, bir neçə gün dağlarda və meşədə qaldıqdan sonra isti bir yerdə gecələmək olduqca xoş idi. Digər tərəfdən hostelin özünün dizaynı, interyeri ruha rahatlıq verirdi. Milad bayramının başlamasına (Christmas) az vaxt qaldığından, içəridə gözəl şam ağacı bəzədilmiş, divanın üzərində isti odeyal qoyulmuşdu. Belə bir mühitdə isti çay içə-içə çöldəki soyuq havaya, çırpınan dalğalara tamaşa eləmək özgə ləzzət idi.

IMG_4381

Beləl bir şəraitdə istirahətdən sonra yolumuza davam etdik. Təəssüf ki, şəhərə gecə çatdığımızdan və növbəti gün səhər tezdən gəmiyə biletimiz olduğundan Vellington şəhərini görə bilmədik. Biz artıq Şimal adasından Cənub adasına keçməli idik. Qeyd edim ki, bu iki ada arasındakı məsafə təxminən 300 kilometrdir. Bir adadan o birinə hər saatdan bir sərnişin gəmisi çıxır. Bu məsafəni gəmi ilə qət etmək üçün adambaşına 50 Yeni Zelandiya dolları ödəmək kifayət edir. Səyahət heç də darıxdırıcı deyil. Yolboyu rast gəlinən müxtəlif kiçik adalar, uzaqdan üfüqdə görünən qəsəbələr maraqlı təəssürat və qəribə mənzərə yaradır.

Bir neçə saatdan sonra gəmimiz Cənub adasının Pikton limanına yaxınlaşdı. Buradan avtobusla Yeni Zealndiyanın üçüncü ən böyük şəhəri olan Kraystçörç şəhərinə (Christchurch) gəldik. Çox aktiv seysmik ərazidə yerləşən bu şəhərin əhalisinin sayı 350 minə yaxındır. Şəhərin küçələrində nəhəng tikinti kranlarını görmək təəccübümüzə səbəb oldu. Sonra öyrəndik ki, bu şəhərdə tez-tez zəlzələ olduğundan burda daim yenidənqurma işlərinə ehtiyac yaranır. 2011-ci ilin fevral ayında baş verən zəlzələ nəticəsində 185 nəfər həlak olub. İndi də şəhərdə, demək olar ki, hər gün kiçik titrəyişlər müşahidə edilir. Hətta  bu sayta daxil olmaqla, gün ərzində baş vermiş zəlzələlərin statistikası ilə tanış olmaq mümkündür.

Biz şəhərə çatanda axşam düşürdü. Bu səbəbdən də qalan vaxtımızı dincəlməyə və şəhərin mərkəzi ilə tanış olmağa sərf etdik.

Növbəti gün ilk olaraq Tekapo gölünə getdik. Bu gölün çox qəribə və özünəməxsus rəngi var. Ümumiyyətlə, Yeni Zelandiyada bizə ən qəribə gələn göllərin möhtəşəm və qeyri-adi rəngləri idi. Hətta aşağıda yerləşdirdiyimiz şəkillər də bu göllərin bütün gözəlliyini olduğu kimi çatdıra bilmir.

IMG_9174 IMG_9245

Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən və ümumi sahəsi 83 kvadrat kilometr olan bu göl Cənub adasının ikinci ən böyük su hövzəsi sayılır. Bu gölün üzərində vaxtilə tikilən su-elektrik stansiyası hələ də fəaliyyət göstərir.

Gölün ətrafında dincəlib ətrafı seyr etdikdən sonra növbəti dayanacağımız olan Astro kafeyə üz tutduq. Bu kafe yüksəklikdə yerləşir və buradan Tekapo gölünə və ətraf ərazilərə çox gözəl mənzərə açılır. Burada yerləşən rəsədxanadan isə gecələr ulduzları seyr etmək mümkündür. Məhz buna görə bu məkan Astro kafe adlanır.

IMG_9288

Beləliklə, gecələmək və növbəti gün yeni zirvələri fəth etmək məqsədilə Aoraki milli parkına doğru yol başladıq. Möhtəşəm mənzərələrin müşaiyəti ilə qısa müddət sonra parkın girişinə çatdıq. Maşından düşən kimi aydın oldu ki, parkın ərazisində çadır qurub gecələməyimiz mümkün olmayacaq. Hava həddən artıq soyuq idi. Bizdən başqa həmin ərazidə bir neçə nəfər də var idi. Onlar da məsləhət gördülər ki, ən yaxşı halda turistlərin yeməkxana kimi istifadə etdikləri məkanda gecələmək olar. Başqa sözlə, çadırda və çöldə yatmaq ideyası avtomatik olaraq plandan çıxdı. Hətta yeməkxanada belə hava çox soyuq idi. Döşəmə də, divarlar da buz kimi idi. Təbii ki, hər bir səyahət zamanı olduğu kimi, bizim yol yoldaşlarımız arasında da kiçik fikir ayrılığı yarandı. Qalıb burada gecələmək istəyənlər də tapıldı, hostelə getmək arzusunda olanlar da. Kompromis qərar qəbul etdik: yemək yeyib, bir az dincələndən sonra istəyənlər həmin yeməkxanada qala bilər, istəməyənlər isə, təxminən 20 kilometr aralıda yerləşən hosteldə…

Beləliklə, növbəti gün, səhər tezdən yenidən milli parkda görüşdük. Görüşdük ki, təxminən 10 km aralıda yerləşən qədim buzlaqları görək. Qeyd edim ki, bu, Yeni Zelandiyada gördüyüm ən gözəl mənzərələrdən biri idi. Hava soyuq olsa da, külək yox idi və arabir asta-asta qar yağırdı. Ətrafda isə çox möhtəşəm mənzərə görünürdü.Bir neçə saatdan sonra mənzil başına çatdıq və göl, buzlaq və qarlı dağlardan ibarət inanılmaz təbiət mənzərəsinin tamaşaçısına çevrildik…Bu mənzərəni görmək üçün bu qədər yol gəlməyə, bu qədər əziyyətə dəyərdi…Bu gözəl gəzintidən kiçik bir videonu bu linkdən izləmək mümkündür (HD formatda baxmaq məsləhətdir).

IMG_4433 IMG_4436 IMG_4441

Bir şeyi də qeyd edim ki, səyahətin bu günə qədər olan hissəsi nə qədər gözəl və maraqlı olsa da, daha maraqlı və qeyri-adi hissəsi son 3-4 günə təsadüf edib.

Bu barədə Yeni Zelandiya haqqında növbəti və sonuncu yazıda bəhs etmək istəyirəm.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on May 10, 2015 by in Digər mövzular and tagged , .

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com
%d bloggers like this: