Rəşad Həsənovun veb səhifəsi

Birinci yazı. Hobbitlərin izi ilə.

Yeni Zelandiya ən çox səyahət etmək istədiyim ölkələrdən biri idi. Xüsusilə də, Avstraliyada olduğumdan, necə deyərlər, bu ölkənin “bir addımlığı”nda olduğumdan mütləq bu ölkəyə getməyi planlaşdırırdım. İş elə alındı ki, 2014-cü ilin noyabr ayında səfər planımız baş tutdu. Beləliklə, Melburndan Yeni Zelandiyaya 6 nəfərlik qrupla getdik. Qrup üzvləri arasında Melburnda yaşayan dostlarımdan əlavə, Qazaxstandan xüsusilə bu səyahət üçün gələn dostumuz da var idi. Ancaq səfər haqqında yazmaqdan öncə, səfərə hazırlıq barədə danışmaq istəyirəm.

Əvvəla onu deyim ki, indiyə kimi bir çox ölkələrdə olsam da, heç bir ölkəni maşınla başdan-ayağa qədər gəzməmişdim. Bu, mənim üçün bir yenilik idi. İkinci bir yenilik ondan ibarət idi ki, səyahət gecələrinin yarısını otel/hosteldə deyil, çadırda (camping) keçirdik. Bu da mənim üçün daha bir yenilik!

Bütün bunların əsas “günahkarı” isə bu sahədə böyük təcrübəsi olan dostum İqrar idi. O, bundan öncə 4 dəfə Yeni Zelandiyada olmuşdu. Məhz bu səbəbdən də, səyahət planını onun öhdəsinə buraxmışdıq. Sağ olsun, işinin öhdəsindən çox yaxşı gəldi.

Səfərə çıxmamışdan öncə əşya və ləvazimatların hazırlanması xeyli vaxtımızı aldı. Aşağıdakı şəkil istifadə etdiyimiz əşyaların yalnız bir qismidir. Bura çadır (tent), yığılıb-açılan matras, yuxu çuvalı (sleeping bag), çöl şəraitində yemək bişirmək, çay qızdırmaq üçün səyyar qaz plitəsi, fənər və digər alətlər daxil idi. Qeyd etdiyim kimi, bu siyahıda olanları və olmayanları toplamaq bir az vaxt aldı. Ancaq onu deyə bilərəm ki, bu əziyyətə dəyərdi!

10912790_10153142853088834_2005568651_o

Planımız Melburndan Auklanda uçduqdan sonra kirayə götürdüyümüz maşınla Yeni Zelandiyanın bir çox görməli yerlərinə səyahət etmək idi. Qeyd edim ki, Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhəridir. Digər böyük şəhərləri Aukland, Kraystçörç (Christchurch) və Kuinstaundur (Queenstown). Xəritəyə baxanda görmək olar ki, ölkə 2 iri adadan ibarətdir. Ona görə də planımız belə idi ki, 3-4 gün Şimal adasında keçiridkdən sonra, gəmi ilə Cənub adasına keçib səyahətin daha çox hissəsini orada keçirək. Bir çox turistlər tərəfindən qəbul olunmuş faktdır ki, Cənub daha gözəldir.

Planımızın birinci hissəsini aşağıdakı xəritədə görmək olar.

north

Müəyyən səbəblər ucbatından Auklanda gec çatdıq. Nəticədə planımızda müəyyən dəyişiklik etməli olduq. Çox axtarışdan sonra gecələməyə “yer” tapa bildik. Maklaren Falls milli parkında çadır qurmağın leqal olduğunu bilirdik deyə məhz oraya üz tutduq. Qeyd edim ki, bir çox Milli Parklarda çadırı yalnız xüsusi müəyyən edilmiş yerlərdə qurmaq olar. Buna görə kiçik miqdarda ödəniş də etməlisən (səhv etmirəmsə Maklaren Fallsda adambaşına 5 Yeni Zelandiya dolları idi). Beləliklə, Yeni Zelandiyada ilk gecəmizi kimsəsiz meşənin ortasında çadırda keçirdik.

Təbii ki, gecə çatdığımızdan ətrafdakı təbiəti qiymətləndirməyə imkanımız yox idi. Səhər yuxudan duranda isə təxminən belə bir mənzərə ilə üzləşdik (şəkildəki çadırlar bizim gecələdiyimiz “yataqxanalardır”):

IMG_8316IMG_8298

Səhər yeməyindən sonra səyahətə davam etdik. Şimal adasının ən maraqlı məkanlarından birinə – Hobbitona gedirdik. Hobbiton məşhur “The Lord of the Rings” filminin çəkiliş meydançasıdır. Filmdə hobbitlərin yaşayış məskəni kimi təqdim olunan bu ərazidə 44 kiçik ölçülü “ev” (hobbit hole)  var.

Hobbitton Aukland şəhərindən təxminən 180 km aralıdakı Alexander Farm ərazisində yerləşir. Buraya ən yaxın şəhər Matamata şəhəridir (təxminən 20 km). Deyilənə görə, filmin rejissoru Peter Jackson Şimal adasını qarış-qarış gəzəndən sonra məhz indiki ərazinin Hobbiton üçün ideal olduğu qərarına gəlib. Orda tanış olduğumuz bələdçi söhbət əsansında dedi ki, Peter Jackson xırda detallara həddən artıq çox fikir verirmiş.

Məsələn, filmə baxanlar yəqin ki, bostanda olan tərəvəzləri, ağacları görüblər. Ekskursiya zamanı məlum oldu ki, bu tərəvəzlər həqiqi imiş. İndinin özündə belə, bostana qulluq etmək üçün il boyu 5-7 işçi işləyir. Digər maraqlı bir fakt: Hobbiton ərazisində olan palıd ağacının yaxınında olarkən belə onun süni olduğunu hiss edə bilməzsən. Bələdçi qeyd etdi ki, Bag End-də yerləşən bu ağacı Peter Jackson yaxınlıqdakı Matamata şəhərində görüb, bəyənmiş və onu kəsdirib çəkiliş meydançasında yenidən bərpa etdiribmiş. Üzərində olan 30 minə yaxın yarpaq isə işçilər tərəfindən bir-bir ağaca yapışdırılıb.

tree

Bütün bunlar, filmin bu cür uğur qazanmasını müəyyən qədər izah edə bilər. Qeyd edim ki, Hobbitonda çəkiliş cəmi 3 ay davam edib.

Hobbiton haqqında təəssürat çox möhtəşəmdir. İnsan bir anlıq özünü nağıllar aləmində hiss edir. Etiraf edim ki, Yeni Zelandiyaya getməzdən öncə “The Lord of the Rings” filminin heç bir hissəsinə baxmamışdım. Dostlarımın məsləhəti ilə səyahətdən bir neçə gün öncə filmin hər üç hissəsinə baxdım. Yaxşı ki, baxmışdım. Yoxsa Hobbitondan bu qədər həzz almazdım.

IMG_8414IMG_8394

IMG_8639IMG_8365

Hobbitondan çıxdıqdan sonra cənuba doğru yola davam etməyə başladıq. Yolüstü Rotarua geotermal bulaqlarına baxmaq istəyirdik. Bu əraziyə yaxınlaşdıqca havada kükürd iyini açıq-aydın hiss etmək olur. Bu ərazidə müxtəlif geotermal bualqlar var. Ən məşhurları kimi Waimangu, Waiotapo, Tikitere bulaqlarının adını çəkmək olar.

IMG_8824IMG_8717

Adlarından da hiss olunduğu kimi, bu bulaqların etimologiyası qədim Maori mədəniyyətinə gedib çıxır. Maorilər Yeni Zelandiyanın yerli əhalisidir. Ümumiyyətlə, ölkədə maori mədəniyyətinin izlərini hələ də çox yerlərdə görmək olar. Bu barədə daha ətraflı növbəti yazılarda.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on March 17, 2015 by in Digər mövzular and tagged , , , , .

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: