Rəşad Həsənovun veb səhifəsi

Vətənpərvərlik illuziyası, və ya ölkəmizi xaricdə necə tanıdırıq?

Aktiv diaspor fəaliyyəti hər bir millətə zəruridir. Diaspor fəaliyyəti göstərmək üçün isə, hər şeydən əvvəl vətənpərvər insanlar lazımdır. Məni qeyri-təvazökarlıqda qınamayın, özümü belələrindən sayıram. Yaşadığım, səyahət etdiyim ölkələrdə həmişə Vətənim Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. Məncə, insanın vətənpərvərlik anlayışı da  zamanla dəyişir, təkmilləşir. Bu dəyişikliyi tək özümdə yox, bir çox dostlarımda da müşahidə etmişəm.

Vətənpərvərliyin və diaspor fəaliyyətinin ən bəsit və gözəçarpan təzahürü feysbukda müşahidə olunur. Hər şey bayraqdan, milli bayramlardan və hüzr günlərindən başlayır. İnsanlar, xüsusilə də, xaricdə oxuyan gənclər getdikləri ölkələrdə ölkəmiz haqqında fəxrlə danışırlar: “Dünyanın ən çox neft çıxaran ölkəsi olmuşuq!”, “Şərqdə ilk cümhuriyyəti biz qurmuşuq!” və s. Belələri adətən xaricdə yaşadıqları evlərindən milli bayrağımızı asırlar. Xocalı faciəsinin anım günü feysbukda profil şəkilləri dəyişir, faciənin videoları və şəkilləri paylaşılır.

Bütün bunlar çox yaxşı. Məncə, bu, normal haldır və bunlar davam etdirilməlidir. Mən özüm bütün bunları vətənpərvərliyimin, necə deyərlər, “birinci mərhələsində” eləmişəm. Məsələn, aşağıdakı şəkilləri öz feysbuk  profilimdən götürmüşəm. 2010 və 2011-ci illərin feysbuk postlarıdır. Əminəm ki, bir çox feysbuk dostumun keçmişinə getsək və ya elə bu gününə baxsaq, belə postlar tapa bilərik.

xocali qaradeniz

Ancaq zaman keçdikcə bir şeyi müşahidə etməyə başlamışam. Feysbukda paylaşılan bu videoları, şəkilləri “like” edənlərin çoxu kimlərdir? Azərbaycanlılar! Dostlar, tanışlar, qohumlar…

Bu məqsədlə feysbukda öz postlarıma, dostlarımın postlarına baxmışam və şahid olmuşam ki, bizim yaymaq istədiyimiz bu mesajları özümüzdən başqa heç kim ya oxumur və ya da oxuyur, fikir vermir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əcnəbi vətəndaşların çoxunda bu tip mesajlar maraq oyatmır. Feysbuk haqda bu qədər.

Real həyata və tədbirlərə,təqdimatlara keçək. Ölkəmizdə və ölkədən kənarda hər ay diaspor fəaliyyətinə yönəlmiş onlarla əhəmiyyətli tədbirlər keçirilir. Ancaq, görəsən, bu tədbirlərin hamısı qarşıya qoyulan məqsədə çatmağa imkan verirmi? Cavab, təbii ki, mübahisəli olacaq. Bəziləri tədbirlərə minlərlə insan cəlb edə bilir, bəziləri isə, öz tanış-tunuşu olan 15-20 nəfəri…

Ancaq, fikrimcə, istənilən halda bu tip tədbirlər vacibdir, əhəmiyyətlidir. Əgər hər tədbir zamanı 10 nəfərə belə Azərbaycan həqiqətlərini çatdıra biliriksə, bu, artıq uğurdur.

Bütün bunlara baxmayaraq, mənim vətənpərvərlik anlayışım son zamanlar feysbuk və tədbirlər müstəvisindən xeyli kənara çıxıb. Fikrimcə, vətənpərvərlik insanın özünü necə aparmağından, təhsilindən, mədəniyyətindən başlayır. İzah edirəm.

Vətənpərvərlik nədir? Vətən sevgisi, düzdürmü? Demək, əgər insan Vətənini sevirsə onun üçün, onun çiçəklənməsi, inkişafı üçün çalışmalı, həmvətənlərinə fayda verməlidir. Bunu etmək üçün isə, istər Azərbaycanda, istərsə də xarici ölkədə olarkən mənalı işlərlə məşğul olmaq, ölkənin və özünün adına xələl gətirə biləcək işlərdən uzaq durmaq, sənin köməyinə ehtiyacı olanlara yardım etmək lazımdır. Məncə, belə olan halda xaricilər bizə daha çox qulaq asar. Bizim fikirlərə daha çox hörmət edər. Küçədən keçən xariciyə buklet verməkdənsə, ona göstərdiyimiz kiçik bir kömək və ya qayğı ölkəmiz və millətimiz haqqında daha xoş təəssürat oyadar.

Bütün bu dediklərimdə təcrübəmə əsaslanıram.

Hazırda Avstraliyanın Viktoriya Ştatının Maliyyə Nazirliyində işləyirəm. Etiraf edim ki, bu qurumda işə başladığım ilk dövrlərdə torpaqlarımızın işğalı, Xocalı soyqırımı haqqında heç kimə heç nə danışmamışdım. Zamanla, iş yoldaşlarımla dostlaşdıqca sözgəlişi və yeri düşdükcə onlara bu barədə ətraflı informasiya verirdim. Günlərin birində iş yoldaşlarımdan biri Azərbaycan iqtisadiyyatı haqqında Avstraliya mətbuatında maraqlı məqalə görüb, elektron poçtla bütün komandaya göndərmişdi. Məktubun başlığında isə “Avstraliya mediyası Rəşadın ölkəsi haqqında” yazmışdı. Mənim Qarabağ münaqişəsindən xəbərdar olan başqa bir Avstraliyalı dostum isə bu e-mailə cavab kimi bütün komanda üzvlərinə ünvanlanmış bir qeyd yazmışdı: “Bu məqalədə vacib bir məqam unudulub: Azərbaycan torpaqlarının 20%-i ermənilər tərəfindən işğal olunub”.

Bu, mənim üçün çox xoş bir mesaj idi. Heç özümün də xəbərim olmadan, çox xoş bir sürprizlə üzləşmişdim. Demək, xaricilərlə dostluq etməklə, onların cəmiyyətinə assimilyasiya olunmaqla daha çox və daha effektiv təsirimiz ola bilər.

Bir daha qeyd edirəm. Mənim nə feysbukda profil şəkilini dəyişənlərlə, nə də xaricdə tədbir təşkil edənlərlə problemim yoxdur. Əslində bu yaxınlarda təhsil aldığım universitetdə  belə tədbirlərdən birinin təşkilatçılarından olmuşam. Söhbət “Azərbaycanın Dağlıq Qarabağ rəngləri- Melburnda” adı altında qadın rəssamlarımızın sərgisinin təşkil olunmasından gedir…

Bu yazını yazmaqda məqsədim xaricdə oxuyan tələbələrə müraciət etməkdir: yaşadığınız ölkələrdə, təhsil aldığınız universitetlərdə, əhatə olunduğunuz cəmiyyətdə daha fəal olmağa, yerli insanlarla daha çox ünsiyyət qurmağa çalışın… Ölkəmizi tanıtmaq və sevdirmək sahəsində uğur qazanmağın yolu isə bütün hallarda yüksək mədəniyyətdən və yüksək təhsildən keçir…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on February 26, 2015 by in Digər mövzular and tagged , .

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com
%d bloggers like this: