Rəşad Həsənovun veb səhifəsi

2-ci yazı: Mərkəzi Bankın məzənnə qərarına dair

Mərkəzi Bankın Sədri Elman Rüstəmov nüfuzlu “Financial Times” qəzetinə mühüm açıqlamalar verib (məqaləni buradan oxuya bilərsiniz). Son zamanlar ölkə iqtisadiyyatının gələcəyi barədə gedən müzakirələrin fonunda belə mötəbər bir mətbuat orqanında Azərbaycan Mərkəzi Bankının rəhbərinin açıqlama verməsi olduqca maraqlı və düşündürücüdür.

Müəllif məqalənin əvvəlində cənab Rüstəmovdan belə bir sitat gətirib: “Hesab edirik ki, artıq daha çevik məzənnə siyasəti yürütməli və gələcəkdə tədricən inflyasiya hədəfləməsi siyasətinə keçid etməliyik” (“We consider that we should transit to a more flexible exchange rate regime and gradually we will transit to an inflation-targeting regime”).

Cənab Elman Rüstəmovun sözlərindən belə aydın olur ki, milli valyutamız yalnız dollara deyil, dollar və avrodan ibarət valyuta səbətinə köklənməlidir. Xarici ticarət strukturumuza uyğun olaraq, səbətdə avronun “çəkisinin” 20-30% civarında olması gözlənilir. Gələcəkdə isə inflyasiyanın 5-7% civarında saxlanması qarşıya hədəf qoyulub.

Mərkəzi Bank kimi vacib bir dövlət qurumunun belə taleyüklü məqamda irəli çıxıb ölkə iqtisadiyytanda olduqca zəruri islahatlar aparmaq cəhdi çox sevindirici haldır. Əslində belə bir dəyişiklik gözlənilən idi. Azərbaycan prezidenti İlham Əliyev hələ regionların  sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı demişdi:: “Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq”.

Ümid etmək istəyirəm ki, bu istiqamətdə bundan sonra atılacaq addımlar nəzərdə tutulan müsbət nəticəni verəcək.

Lakin bu yerdə, yenə də, ənənəmə sadiq qalaraq bəzi pessimist ssenarilərin də nəzərdən keçirilməsini zəruri hesab edirəm.

Beynəlxalq maliyyə (İnternational Finance) fənninin baza kitablarında ilk tədris olunan mövzulardan biri bizim dilimizə “mümkün olmayan üçlük” (impossible trinity) kimi tərcümə olunur. Bu nəzəriyyəyə əsasən, ölkə aşağıdakı iqtisadi rıçaqların maksimum ikisini eyni vaxtda istifadə edə bilər:

  • Sərbəst kapital axını
  • Sabit valyuta məzənnəsi
  • Aktiv pul siyasəti

Başqa sözlə, yuxarıda sadalananların hər üçünü birdən əldə etmək mümkün deyil (düzdü, bəzi alimlər bunun əksini sübut edirlər, ancaq çoxluğun fikri qeyd etdiyim kimidir). Azərbaycan öz seçimini edərkən ilk 2 siyasətə üstünlük verib: sərbəst kapital axını fonunda ABŞ dollarına köklənmiş sabit valyuta məzənnəsi ölkə iqtisadiyyatının inflyasiyadan qorunmasına, iqtisadi sabitliyin, milli valyutaya etibarın bərqərar olunmasına hesablanıb. Mövcud şəraitdə pul siyasəti aktiv alət kimi istifadə oluna bilməz.

Elman Rüstəmovun açıqlamasından belə görünür ki, bir müddət sonra inflyasiyanın hədəflənməsi siyasətinə keçid gözlənilir (bu, bir neçə gündən, aydan və ya ildən sonra da baş verə bilər). Bu o deməkdir ki, hökumət yuxarıda göstərilən alətlərdən birini qurban verib, əvəzində aktiv pul siyasəti yürütməyi planlaşdırır. Çünki inflyasiyanın hədəflənməsi üçün əsas vasitə faiz dərəcələridir ki, bunun üçün yuxarıda sadalanan 3-cü alətdən istifadə olunur. Beləliklə, ya sərbəst kapital axını, ya da sabit valyuta məzənnəsi qurban verilməlidir.

Çox güman ki, bizdə ikinci olacaq. Zənnimcə, bir müddət sonra manatın kursu üzən valyuta məzənnəsi ilə tənzimlənəcək. Yenə də, cənab Rüstəmovun dediklərindən belə başa düşmək olar ki, hökumət bu keçidi tədricən həyata keçirməyi planlaşdırır. O, qeyd edir ki, valyutada baş verən hər hansı bir ucuzlaşma tədricən baş verəcək və “bunu edərkən əhalinin maraqları nəzərə alınacaq”.

Bütün bunlar çox gözəl. Əks halda, valyuta məzənnəsinin kəskin aşağı düşməsi, ölkə iqtisadiyyatında xoşagəlməz nəticələr verə bilər. Zənnimcə, planlaşdırılan keçid tədricən baş versə belə, bu, gələcəkdə iqtisadiyyat üçün müəyyən zərər də verə bilər.

Belə bir pessimist ssenarini nəzərdən keçirək. Mərkəzi Bank manatın məzənnəsinin aşağı düşməsinə gedir. Bir müddət sonra isə manatın üzən valyuta məzənnəsinə keçidi baş tutur. Manat ucuzlaşdıqdan sonra isə ölkədə inflyasiya müşahidə olunur (niyəsi aşağıda izah olunur).

İqtisadi bilikləri olmayanların nəzərinə çatdırım ki, manatın ucuzlaşması xaricdən gələn malların qiymətinin qalxmasına səbəb olur. Məsələn, tutaq ki, bugün 1 ABŞ dolları 78 qəpiyə bərabərdir. Xaricdən hansısa şirkət 100 dollar dəyərində mal alır. Buna görə 78 manat ödəyir. Tutaq ki, valyuta ucuzlaşdıqdan sonra 1 ABŞ dolları 90 qəpiyə bərabər olur. Bu halda, həmin şirkət 100 dollarlıq malı almaq üçün artıq 78 manat yox, 90 manat verməli olacaq.Beləliklə, bu tendensiyanı bütün idxal olunan məhsullara aid etsək, ölkədə qiymətlərin artımını müşahidə edə bilərik.

Mərkəzi Bank artıq valyuta məzənnəsini deyil, cənab Rüstəmovun qeyd etdiyi kimi, inflyasiyanı hədəfləməyə (5-7%) başladığından faiz dərəcələrini yuxarı qaldırır. Artan faiz dərəcələri mənzilə olan tələbatı aşağı salır (Məsələn, əvvəl ipoteka üzrə ödəmələr aylıq 400 manat idisə, faiz dərəcələri artdıqdan sonra 500 manat olur. Nəticədə mənzilə tələbatı azaldır). Bu isə, öz növbəsində, mənzillərin qiymətinin aşağı düşməsinə səbəb olur. Düşən ev qiymətləri bank sektorunda verilən kredirlərin azalmağına gətirib çıxarır (çünki azalan ev qiymətləri bank kreditlərinə görə qoyulan zaminin dəyərinin azalması deməkdir). Bundan başqa, kreditlər üzrə risklər artmağa, bank sektoru daha həssas olmağa başlayır.

Yuxarıdakı pessimist ssenarini mən özümdən kəşf etməmişəm. Əvvəlki yazıda qeyd etdiyim kimi, oxşar xronoloji hadisələrin bəzisi və ya hamısı Skandinaviya bank böhranı, Cənub-Şərqi Asiya valyuta krizisi, Meksika peso krisizi zamanı baş verib. Yəni tarix bizə konkret nümunədə və ya acı təcrübədə öz dərslərini təqdim edir. Bu tarixdən müvafiq nəticə çıxarmaq isə öz əlimizdədir.

Valyuta məzənnəsi ilə bağlı hökumətin qərarını alqışlayıram. Xüsusilə də məzənnəyə olacaq dəyişikliklərin tədricən baş verməsi, məncə, riskləri daha az edir. Bu keçid dövründə isə, iqtisadiyyatda digər struktur islahatlar aparılmalı, kiçik və orta sahibkarlığa şərait daha da yaxşılaşdırılmalıdır.

Son olaraq, Bakıda keçiriləcək Birinci Avropa oyunları haqqında. Bəzi mənbələrdə belə bir fikir dolaşır ki, hökumət manatın ucuzlaşmasını Avropa oyunlarından sonraya saxlayır. Fikrimcə, bu iddialar əsassızdır. Məncə, əksinə, bu proses Avropa oyunlarından nə qədər tez reallaşsa, bir o qədər yaxşı olar. Əvvəla, hazırkı məzənnəni saxlamaq üçün Mərkəzi Bank milyardlarla dollar xərcləməli olmaz. İkincisi isə, bununla Bakıya gələcək turistlərin ölkəmizdə daha çox pul xərcləməsi üçün daha yaxşı şərait yaratmış olarıq. Axı daha ucuz manat xarici turistlər üçün daha böyük alıcılıq qabiliyyəti deməkdir.

17.02.2015

Melburn

2 comments on “2-ci yazı: Mərkəzi Bankın məzənnə qərarına dair

  1. Gahraman
    February 19, 2015

    By meqale ile bagli meseleler mueyyen qeder mubahise olunan meselelerdir. Meselen dollar in qalxmasi fonunda gozlenilen inflyasiya olkede iqtisadi artimi stimullasdira biker. Beleki, idxal olunan mehsullar be olkede satisi adeten dollarla aparilan mehsullarin ( meselen avtomobil satisi) satisinda hiss olunacaq derecede artimlar olmasi gozlenilendir. Bundan elave dollar in deyerinin artmasi olkede istehsali ve ixraci (olkenin ixrac potensialina men ozum de skeptik yanasiram) stimullasdira biler. Istenilen halda monetary siyasetin meqsedinden asili olaraq musbet be menfi cehetleri var. Olke bu cehetlerden hansindan istifade etmesi ve hadiselerin novbeti inkisafinin pis senari uzre getmesinin qarsisinin alinmasi ucun dovletin heyata kecirdiyi tedbirler daha maraqlidir. Yeqin bunu zaman gosterer.

  2. Mammad
    February 22, 2015

    2009-cu ilde de oxshar ssenari idi, neft qiymetleri 25$-a düşmüşdü. Hami inflyasiyanın və manatın collapse-nu gözləyirdi. Normal olaraq ev qiymətləri düşməliydi. Amma düşmədi. Çünki əhali qorxub əlindəki olan qalan puluna əmlak almağa başladı. Ölkədə alternativ investisiyalar olmadığına görə, biznes mühiti inkişaf etmədiyinə görə sadə camaatın, Rusiya əhlinin, korporativ sektor əməkdaşlarının uzun illər yığdığı pula ev almağa üstünlük verirlər. Gözləyək görək nə olur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on February 17, 2015 by in İqtisadiyyat.

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: