Rəşad Həsənovun veb səhifəsi

1-ci yazı: Niyə narahat olmalı?

Azərbaycan iqtisadiyyatı son 20 ildə köklü dəyişikliklərə məruz qalıb. Ölkədə 90-cı illərin əvvəllərində inflyasiya hökm sürürdü. Əhalinin güzəranı bərbad, banklara inam yox səviyyəsində idi. Sovetlərin dağılmasından sonra ölkənin belə acınacaqlı vəziyyətə düşməsində qeyri-adi heç nə yox idi. 1990-cı illərin ortalarından etibarən iqtisadi göstəricilər stabilləşməyə, son 10 ildə isə yüksək templə artmağa başladı. Lakin bu artım məni nə qədər sevindirsə də, son illərdə mənim başımda bəzi suallar yaratmağa başladı. Belə sürətli iqtisadi artım davamlı və dayanıqlı ola bilərmi? Bu iqtisadi artımın bazasında nə durur? Və bu qədər sürətli artım qorxulu ola bilərmi?
İlk baxışda hər şey çox gözəl görünür. Narahatlığa səbəb olmamalıdır. Təəssüf ki, hətta sürətli iqtisadi artım templəri belə heç bir ölkəni maliyyə böhranlarından sığortalamır.
Təcrübə göstərir ki, bir çox hallarda iqtisadi böhranlardan öncə iqtisadiyyatda pozitiv dəyişikliklər baş verir, güclü iqtisadi artım müşahidə olunur. Bunun nəticəsində iqtisadi subyektlər, o cümlədən, investorlar həddən artıq optimist olmağa başlayırlar. Sabit və pozitiv iqtisadi mühitin uzunmüddətli və davamlı olacağını düşünürlər. Bu isə, öz növbəsində, aktivlərin (o cümlədən, daşınmaz əmlakın) qiymətinin artması, bank sektorunda kreditlərin çoxalması ilə müşaiyət olunur. Nəticədə iqtisadi agentlər daha böyük risklərin altına girirlər. Lakin iqtisadiyyatda baş verən hər hansı bir daxili və ya xarici şok domino effekti yaradaraq iqtisadi böhrana səbəb olur. Bu şok effektinin yarandığı an iqtisadi ədəbiyyatda “Minski momenti” adı altında məşhurdur. Bu termin amerikan iqtisadçısı Hayman Minskinin şərəfinə yaradılıb. Minskinin fikrinə görə maliyyə böhranlarının kökündə stabillik və bu stabillik nəticəsində yaranan böyük risklər və zəif nəzarət durur. Minskinin geniş nəzəriyyələrini qısa bir cümlə ilə ifadə etmək olar: “Stabillik qeyri-stabillik yaradır” (Stability is destabilizing).
Ölkəmizdə müstəqillikdən sonra baş verən hadisələrə baxsaq bir şeyi dəqiq görə bilərik: Minskini narahat edə biləcək stabillik formalaşıb. Xüsusilə də, neft ixracına başladıqdan sonra Azərbaycanın ÜDM-i dəfərlərlə çoxalmağa başlayıb. Ölkədə qiymətlər sabitləşməyə, insanaların güzəranı yaxşılaşmağa, bank sektorunda əhaliyə verilən istehlak və ipoteka kreditlərinin məbləği yüksək sürətlə artmağa doğru gedib. Təbii ki, bütün bunlar müsbət hallardır. Lakin, təəssüflər olsun ki, bir çox ölkələrin təcrübəsi də göstərir ki, sabitlik və iqtisadi artım gələcəkdə iqtisadi problemlərin olmayacağına zəmanət vermir.
Ölkəmizin ixracında və ÜDM-də neft sektorunun böyük payının olması bu təhlükəni daha real edir. Neft qiymətlərinin bu qədər aşağı düşməsi aydın məsələdir ki, dövlətin gəlirlərini azaldır. Belə olan halda büdcəni balansda saxlamaq üçün 2 yol qalır: ya xərcləri azaltmalı, ya da gəlirləri alternativ vasitələrlə artırmalı. Üçüncü və fikrimcə ən təhlükəli seçim isə büdcəni formalaşdırarkən Neft Fondundan olan transfertlərə ümid etməkdir.

oilfund

Son 10 ildə Dövlət Büdcəsinə Neft Fondundan edilən transfertlərin statistikasına nəzər yetirək (Qrafik 1). 2008-ci ildə statistikada böyük sıçrayış müşahidə etmək mümkündür. Neft Fondundan Dövlət Büdcəsinə köçürmələrin büdcə gəlirlərinə nisbəti 2008-ci ildə 35% idisə, 2013-cü ildə bu rəqəm 58% olmuşdur (Bu rəqəmlər Neft Fondunun 2013-cü il üçün illik hesabatından götürülüb). Bu o deməkdir ki, 2008-ci ildən bu yana Neft Fondundan transfertlər olmasa idi Dövlət Büdcəsi son 7 ildə böyük kəsrlə üzləşəcəkdi. Təbii ki, burada anlaşılan məqamlar da var. Bəhs edilən dövrdə ölkədə çox böyük infrastruktur layihələr həyata keçirilib. Bu layihələrin maliyyələşdirilməsi külli miqdarda vəsait tələb edirdi. Ancaq, zənnimcə, istənilən halda transfertlərin büdcə gəlirinə nisbəti bu qədər böyük olmamalı, büdcə daha dayanıqlı mənbələrdən formalaşmalıdır.
Neftin qiymətinin bu qədər düşdüyü şəraitdə büdcəni formalaşdırmaq üçün gələcəkdə Neft Fondunun vəsaitlərinə daha az bel bağlamaq ölkəni beynəlxalq enerji bazarından daha az asılı edə bilər. (Neft Fondu barədə başqa yazıda daha ətraflı yazmağı düşünürəm).
Ayrıca diqqət yetirəcəyim mövzulardan biri də bank sektoru olacaq. Bank sektorunun inkişafı göz qabağındadır. Banklar və filialları çoxalıb, insanların maliyyəyə çıxışı asanlaşıb. Təbii ki, bütün bunlar müsbət hallardır. Minlərlə vətəndaşımız bu kreditlərdən istifadə edərək ev, maşın alıb, yeni biznesə başlamaq imkanı qazanıblar.

boom

Lakin narahatlıq doğuran məqam odur ki, bu artım çox sürətli oldu. Bir neçə il ərzində insanlar artıq mobil telefonlardan tutmuş evə qədər, bir çox şeyi kreditlə almağa başladılar. İkinci qrafikdəki rəqəmlər (mənbə Dövlət Statistika Komitəsidir) iqtisadiyyata kredit qoyuluşlarını göstərir. Kredit artımı özü-özlüyündə, qorxu yaratmamalıdır. Avropa, Amerika və ya Avstraliya kimi ölkələrdə də insanların banklara borcu kifayət qədərdir. Mənim üçün əsas narahatlıq yaradan məqamlardan biri həmin kreditlərin keyfiyyəti ilə bağlıdır. Hələ bir neçə il əvvəl Bakı küçələrində yalnız şəxsiyyət vəsiqəsi ilə mobil telefon satışı barədə reklamlar görmüşdüm.
Digər maraqlı məqam kreditlərin çox yüksək faizlərlə verilməsi ilə bağlıdır. Bu yaxınlarda Prezident İlham Əliyev belə öz çıxışında faiz dərəcələrinin yüksək olduğunu vurğulayıb. Yüksək faiz dərəcəsi kredit borcunun geri qaytarılması ehtimalını azaltmaqla yanaşı, insanların güzaranına mənfi təsir edir. Xülasə, verilən kreditlərin keyfiyyəti və kreditlər üzrə faizlərin yüksək olması əhaliyə və ya biznesə verilən kreditləri riskli edir.
Digər narahatlıq doğuran məqam qeyri-neft sektorunda istehsalın, xüsusilə də ixracın yüksək olmaması ilə bağlıdır. Dövlətin əsas hədəflərindən biri qeyri-neft sahəsində ixrac potensiallı şirkətlərin yaradılması ilə yanaşı, qara qızılın insan qızılına çevrilməsidir. Bu baxımdan azərbaycanlı tələbələrin 2007-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət hesabına xarici universitetlərdə oxumağa göndərilməsi müstəsna əhəmiyyət daşıyır.
Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, iqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün gediləsi yol və görüləsi işlər həddən artıq çoxdur. Ürək ağrısı ilə deməyə məcburuq ki, ölkəmizin maşınqayırma, yüngül sənaye və digər mühüm sahələrdə ixrac potensialı neftlə müqayisə olunmayacaq dərəcədədir.
Yuxarıda sadaladığım məsələlər yaxın gələcəkdə ölkə iqtisadiyyatını qlobal enerji bazarındakı panikaya həssas edir. Hesab edirəm ki, bu məsələlərə xüsusi diqqət ayırmaqla və ölkəmizin mövcud insan və resurs potensialından istifadə etməklə daha çoxşaxəli və davamlı iqtisadiyyat qurmaq mümkündür.

15.02.2015
Melburn

2 comments on “1-ci yazı: Niyə narahat olmalı?

  1. Gahraman
    February 15, 2015

    Next gelirlerinin azalmasi, elece de budcenin next asililigindan qurtulmasi he budceni artiq xerclerden xilas etmek ucun cixis yollarindan biri, meqsedli proqramlarin maliyyelesdirilmesini dovlet budcesinden cixarmaq be budce gelirlerini proqnozlasdirarken next qiymetlerine skeptik yanasmaq yaxsi Omar. Bele plan halda budce Sabin kopuyu Mimi sismir, daha cox vesait neft fondu vasitesile yeniden bolusdurmeye imkan verecek. Neftin qiymetindeki deyisiklik budcede eks olunmayacq be dovlet oz uzerine dusen vezifeni icra etmekde cetinlik cekmeyecek.
    By barede fikirlerin maraqli olardi

    • Rashad Hasanov
      February 17, 2015

      Gahraman, bu barede bir yazi yazmaq fikrim var. yeqin ki, yaxin heftelerde. cox sagol fikirlerin ucun

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Information

This entry was posted on February 15, 2015 by in Azərbaycan iqtisadiyyatı, İqtisadiyyat and tagged .

Saytın qonaqları

Flag Counter
Follow Rəşad Həsənovun veb səhifəsi on WordPress.com

Blog Stats

  • 45,330 hits
%d bloggers like this: